Mayor Nazim Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan haqq savaşımızda Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun yaxından iştirakı ilə bir neçə erməni hərbçisi girov götürülüb. Oktyabrın 5-də isə səhər saatlarında düşmənin yüksək rütbəli zabiti məhv edilib.
Mayor Nazim Hüseynovun son döyüşü oktyabrın 8-də Füzuli-Hadrut yolunun üstündə olub. Cəbhənin ön mövqeyində üç nəfər - o, bir zabit və bir əsgər olub. Döyüş yoldaşlarının dediyinə görə, ermənilər 12 tankla onları mühasirəyə alıblar. Nazim Hüseynov bir əlində avtomat, bir əlində pulemyot ermənilərin tank və BMP-sinə qarşı döyüşüb. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, onlar son nəfəslərinə qədər vuruşaraq mühasirəni yarıblar və 292 nəfərlik taborun mühasirədən çıxarılmasına nail olublar. Elə həmin çətin qanlı döyüşdə də mayor Nazim Hüseynov başından ağır yara alaraq şəhidlik zirvəsinə yüksəlib.
Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhməntəpə qəsəbəsində anadan olmuşdu. Qəsəbədə tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə hərbi xidmətə çağırılıb. O vaxtdan hərbi xidmətini davam etdirirdi. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı idi. 2018-ci ildə ehtiyata buraxılmışdı. Ötən il sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Milli Ordunun əks-həmlə əməliyyatlarına başlaması onun yenidən hərbi xidmətə qayıtmasına səbəb olub.
“Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Bu yoldan dönəsi deyilik. Evə qələbə ilə dönməliyik”. Şəhid mayor Nazim Hüseynov öz doğmalarına göndərdiyi səsli mesajlardan birində belə deyib. Sözünün üstündə duraraq son nəfəsinə, son damla qanına kimi döyüşüb və onun ölməz ruhu İmişliyə qalib əsgər kimi qayıdıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nazim Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Bu gün mayor Nazim Hüseynovun anım günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD