Azərbaycan Ordusunun əsgəri Məhəmməd Əliyev 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü yollanıb. O, Füzulidən Şuşaya qədər gedən döyüşlərdə mərdliklə iştirak edib.
2020-ci il noyabrın 8-də ordumuzun qələbə qazandığı ərəfədə Məhəmməd Əliyev qəfil düşmən gülləsinə tuş gəlib. Ordumuzun cəsur əsgəri Şuşa uğrunda gedən savaşlarda qəhrəmancasına şəhid olub. Şəhidimiz 2020-ci il noyabrın 11-də doğulub boya-başa çatdığı Böyük Xocavar kənd qəbiristanlığında üçrəngli bayrağımıza bürünmüş böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”medalları ilə təltif olunub.
Məhəmməd ata-ananın yeganə oğlu idi. O, müharibədə olduğunu doğmalarından gizlədib. Ta o vaxta qədər ki, artıq oktyabr ayının axırları idi. Anası deyir ki, Məhəmməd çox nikbin danışırdı. Heç vaxt ağrı-acısını onlara bildirməzdi. Deyirdi ki, az qalıb, qələbə bizimdir. Məhəmmədin Zəfər günü Şuşada şəhid olması valideynlərinin bütün arzularını, ümidlərini darmadağın edib. Anası oğlunun son anda şəhid olacağını ağlına belə gtirməzdi. Doğmaları Məhəmmədi qarşılamağa hazırlaşırdı. Amma o Şəhid kimi geri qayıtdı...
Məhəmmədlə bir səngərdə çiyin-çiyinə vuruşmuş döyüş yoldaşları deyir ki, Məhəmməd həmişə deyirdi ki, mən hiss edirəm Şəhid olacam. Artıq qələbə ərəfəsiydi. Şuşa azad edilirdi. Özümüz də məəttəl qaldıq ki, bu necə oldu... Düşmən səssiz güllə ilə onu vurmuşdu...
Məhəmmədin atası danışır, ata-bala bir-birinə çox bənzəyirlər. Atasının dilindən çox gözləri danışır. Gözlərində damcılar parlayır. Amma göz yaşları axmır, elə qürurlu dayanıb ki, sanki deyir:
Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum.
Fəxr edirəm səninlə,
Nə yaxşı varsan, oğlum!
Ruhun şad olsun, doğum günün mübarək, Məhəmməd balamız!
Mina RƏŞİD