Axtardım tarixin daş yaddaşını,
Daşlarda dil deyib ağladı, Allah.
Sordum mənbələrdən Göyçə yaşını,
Cavabı sinəmi dağladı, Allah.
Yay tətili idi. Günümüzün fenomeni olan telefonu əlimə aldım, öncə votçap qruplarını incələmək istədim. Qərbi Azərbaycan İcmasının (QAİ) Çənbərək rayon Cil kənd Qadınlar Şurasında da yeni bir şeyə rast gəlmədim. “Ulu Göyçə” qrupuna daxil oldum kəndimizin sakinlərindən Qurban qardaşın paylaşdığı videonu izləməyə başladım. Videoda ruhani havası sədaları altında kəndimizdə gəzdiyim yerləri, evlərimizi gördüm. Gözlərimdən yaş süzüldü, və ürəyimin söz karvanı ilə yola çıxdım.
MƏN DÜNYAYA GƏLƏN KƏNDİM
Niyə əlim yetmir sənə,
Mən dünyaya gələn kəndim.
Dərd sərini söylə mənə,
Mən dünyaya gələn kəndim.
Ocağında közüm qaldı,
Ürəyimdə sözüm qaldı,
Mənim səndə gözüm qaldı,
Mən dünyaya gələn kəndim.
Ayrı düşdüm oylağımdan,
Sazlı, sözlü yaylağımdan,
El-obadan, növrağımdan,
Mən dünyaya gələn kəndim.
Görən yenə dönərikmi,
Dərdi səri bölərikmi,
Gül qoynuna gələrikmi,
Mən dünyaya gələn kəndim
Faziləyəm ruhum səndə,
Canım səndə, könlüm səndə,
O, göy gözlü gölüm səndə,
Mən dünyaya gələn kəndim.
A GÖYÇƏ
Bu gecə yuxumda qonağın idim
Yenə qoynundaydım sənin, a Göyçəm.
Diz qoyub daşını torpağın öpdüm,
Yenə səninləyəm bu gün a,Göyçə
Könlümə cığırlar səndən keçibdi,
Qəlbimin bəndləri teldən keçibdi
Sazımın mizrabı ruhdan keçibdi.
Gözlə, gələcəyəm sənə a, Göyçə
Faziləyəm ruhum yenə göylərdə,
Qağam tikən evimizdə öylərdə,
Göyçə gülüm əzbər olub dillərdə,
Sənə gələcəyəm sənə a, Göyçə.
Yenə gələcəyəm, yenə a, Göyçə.
Fazilə Yəhya Hüseynli
ADPU-nin “Fəlsəfə və sosial elmlər” kafedrasının
b/müəllimi, AYB üzvü, “Qızıl qələm” mükafatçısı,
QAİ-nın Çənbərək Cil kənd Qadınlar Şurasının sədri.