25.04.2025, 03:29
AZ EN
30.09.2024, 09:32 205

Xocalının qisasını alan qəhrəman…

XƏBƏRLƏR
  • Tural hələ körpə olanda dünyaya göz açdığı Laçın rayonunun Ərikli kəndindən ailəsi ilə birgə didərgin düşüb. Onlar Xocalıda tikilmiş yeni evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olan gün dünyada misli görünməmiş Xocalı faciəsi baş verib. Elə buna görə də Tural heç vaxt doğum gününü qeyd etmək istəməyib. Nəhayət 30 ildən sonra o Şanlı Vətən Müharibəsində düşməndən qisasını alaraq ən uca zirvəyə - Şəhidlik məqamına ucalıb…

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, “Qarabağ” ordenli xüsusi təyinatlı, baş cavuş Tural Abdullayevin anım günüdür. O, 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Doğulduğu ildən 1992-ci ilə qədər Abdullayevlər ailəsi Laçın şəhərində yaşayıblar.
Tural Abdullayev 2008-2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Tural Abdullayev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla  Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. Qəhrəmanımız həmçinin ölkə başçısının digər sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Kəllbəcərin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Şəhid Tural Abdullayevə məxsus əşyalar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər