1992-ci ildə doğma Oğuzda 2 saylı tam orta məktəbə gedib. Orta məktəbi bitirdikdən sonra, Şəkidə Mühasibat Uçotu və Audit ixtisasi üzrə təhsil alıb.
Fərid Zaməddinov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Gizir Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinin ilk günündə topçu komandir kimi döyüşlərə yollanıb. O, Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin 30-a yaxın tankını məhv edib.
2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid Fərid Zaməddinov çox ailəcanlı bir insan olub, bacısı Təhminə xanım deyir ki, həyatda ən çox övladlarına bağlı idi, onlarla nəfəs alırdı. İstədikləri hər şeyi alardı.
Bacısının sözlərinə görə, uşaqları elə ərköyün böyütməsini belə izah edərdi: “Mən atasız böyümüşəm, ata qayğısı görməmişəm, qoy övladlarım görsün, mən sağ olduğum müddətcə onların hər nazını çəkəcəyəm”.
Oğlu ilə tam başqa bağı var idi. Yayın istisində ona sarılıb yatarmış, onsuz darıxıram deyərmiş...
Özünə paltar çox geyim almırdı, deyirdi əsas uşaqlardı, mənə hərbi formam bəs edər. Saçı ağarmışdı. Demək olar ki, şəkli yoxdur. Yoldaşı səbəbini soruşanda deyərdi ki, orada baş qaşımağa vaxt yox idi, qalmışdı şəkil çəkdirmək.
Müharibə başlayandan ən qızğın yerlərdə döyüşüb, topçu komandir olub. “Kompüter bilikləri mükəmməl idi, həmişə tam nişana atəş açıb, bir dəfə də olsa nişandan yayınmayıb. 30-a yaxın düşmən texnikasını təkbaşına məhv edib”.
Döyüş yoldaşları arasında da böyük hörmət sahibi olub. Onlar danışır ki, Fərid sanki şəhid olacağını öncədən hiss edirdi. Son zamanlar deyirmiş ki, mən atasız böyümüşəm, qorxuram övladlarım da elə böyüsün.
Xanımı danışır ki, Fərid sonuncu dəfə noyabrın 3-də bir günlük ailəsini görməyə gəlib, sonra yenidən döyüşə qayıdıb.
“Gəldiyi gün axşama kimi şəhidlər barədə reportajlara baxdı, telefonunda saxladığı düşmənin məhv edilən texnikalarının şəkilini göstərdi övladlarına. Elə qürurlu idi ki…
...Övladları hələ də atalarının qayıdacaqlarını düşünür. 40 mərasimi deyəndə qızı elə bilib ki, mərasimdən sonra atası qayıdacaq. Camaat dağılışanda anasına deyib "Bəs 40 keçdi, atam haradadır?"
Fərid Zaməddinovla birgə şəhid Elşən Əhmədlinin xatirəsinə Oğuz rayonunda bulaq inşa olunub.
Azərbaycanın mərd övladı, gizir Fərdi Zaməddinov Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Oğuz rayon Şəhidlər Xiyabanında dəfn olunub. Onun 3 övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD