22.11.2024, 20:57
AZ EN
27.09.2024, 14:19 269

Xankəndidə daha bir məktəb açılacaq

XƏBƏRLƏR

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Xankəndi şəhərində əsaslı şəkildə təmir olunan 4 nömrəli orta məktəbdə hazırda 420 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur.

"Vətən səsi" xəbər verir ki, 624 yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Hazırda məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

Xatırladaq ki, Xankəndi şəhər 4 nömrəli orta məktəb Birinci Qarabağ müharibəsi dövrünə qədər Xankəndidə fəaliyyət gösdərən və Azərbaycan dilində tədris aparan yeganə təhsil ocağı olub. Orta məktəb işğaldan sonra uzun illər Bakı şəhərində fəaliyyət gösdərib. Otuz altı ildən sonra orta məktəb doğma şəhərimiz Xankəndidə fəaliyyətə başlayıb.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan təhsil ocağında şagirdlərin sayı Xankəndi şəhərinə qayıdacaq ailələrin sayından asılı olaraq arta bilər. Keçmiş məcburi köçkün ailələrinin doğma yurd-yuvasına qayıdışı ilə əlaqədar bu ilin sonuna qədər Xankəndidə ikinci məktəbin də açılacağıı gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər