IDEA könüllülərinin də iştirak etdikləri budəfəki ağacəkmə aksiyası vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş ərazidə təşkil olunub. Aksiya zamanı 230 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Qeyd edək ki, vaxtilə baxımsız vəziyyətdə qalan və iki hektar ərazini əhatə edən bu sahə bir neçə ay əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və könüllülərin fəal iştirakı ilə tullantılardan tamamilə təmizlənib, torpaq qatı əlavə olunaraq rekultivasiya işləri görülüb. Həmçinin aprelin 16-da Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağacəkmə aksiyası təşkil edilib. İndi isə ağacəkmə mövsümünün başlanması ilə əlaqədar həmin sahədə növbəti ağacəkmə fəaliyyətləri davam etdirilir.
Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər, yaxud mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olan minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb. (Report)