Şəhidimiz, gizir Asiman Allahverdiyevin bu gün doğum günüdür. Anası Sevinc xanım deyir ki, Asiman kiçik yaşlarında polis olmaq istədiyini söyləyirdi. Böyüyüb yeniyetmə yaşına çatandan sonra isə hərbçi olmağa qərar verdi.
Asiman qardaşı Cavidanla əkiz idi. Anası onları təkbaşına min bir əziyyətlə böyütmüşdü. Uşaqlar yaşa dolduqca bunu anlayır və analarının başına pərvanə kimi dolanırdılar. Hər şənbə və bazar günləri evə gələrkən Asiman anasının boynunu qucaqlayar və deyərdi: -“Ana , mən şəhid olsam, ağlamazsan. Mən butun nəslimizə baş ucalığı gətirəcəyəm”. Anası isə cigərparasını əzizləyərək, -"Elə demə oğul, sənin yerinə mən ölərəm. Qadan mənə gəlsin"- deyə oğlunu əzizləyər və xoş xəyallarla yaşayardı. Bir dəfə də, o, anasına demişdi ki, hərbçilərin toyu bilirsən necə gözəl keçir, əsgər və zabit dostlarımız hamısı toya gəlir, bir qiyamət olur, gəl görəsən... Ancaq Sevinc xanıma Asimanın toyunu görmək nəsib olmadı. Onun üçrəngli bayrağımızla bəzənmiş tabutu Vətən müharibəsindən, uğrunda can verdiyi Füzulidən anasının üstünə gətirildi...
Asiman Niyaz oğlu Allahverdiyev 1998-ci il avqustun 23-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər internat tipli Gimanaziya məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində uzun müddətli xidmət keçərək öz arzusuna çatıb. O, bir kəşfiyyatçı kimi tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi. Ona görə də, komandirləri tərəfindən dəfələrlə diplom, təşəkkürnamə və hədiyyələrlə təltif olunub. Asimanın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Deyirdi ki, qocalıb ölməkdən şəhid olmaq daha gözəldi. Ona görə də, 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən Müharibəsinə o böyük həyəcanla yollandı. Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə döyüşdü. Xüsusi təyinatlı qrupun üzvü kimi Asiman Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan oldu.
Döyüş yoldaşları ilə düşmənə qan udduran A.Allahverdiyev 2020-ci il, oktyabrın 9-da Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu. O, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında böyük el məhəbbəti və izdihamla torpağa tapşırıldı.
Bu gün Asimanın doğmaları, dostları onun haqqında o qədər gözəl sözlər söyləyirlər ki, belə Vətən oğlu ilə qürur duyursan. O, bütün qəlbi ilə Vətəninə, torpağına bağlı bir oğul idi. Xalq öz qəhrəman oğullarını unutmur. Ölümündən sonra Asiman Allahverdiyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Doğum günün mübarək, rahat uyu, Vətən oğlu. Ondan ki, sən bu yaşda zirvələrin ən yüksəyini fəth eləyib, şəhadətə yüksəldin. Ruhun şad olsun, məzarın nurla dolsun...
Mina RƏŞİD