O vaxt Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin 10 mindən artıq hərbi qulluqçusu və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Bu da Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təhdid edirdi.
Bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Elşad Təhməzov deyib.
E.Təhməzov bildirib ki, öz çirkin əməllərini açıq-aşkar həyata keçirməkdən çəkinməyən terrorçular Qarabağda qondarma “prezident” seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Antiterror əməliyyatından əvvəlki bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşmasının müşahidə olunduğunu söyləyən zabit qeyd edib: “Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin təkmilləşdirilməsi tərəflər arasında gərginliyin artmasına səbəb olmuşdu. Sentyabrın 19-da isə təxribatlar pik həddə çatdı. Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatına başladı. Həmin hərbi əməliyyatlar zamanı Qarabağ iqtisadi rayonunda yerləşən erməni mülki əhalinin zərər görməməsi üçün Azərbaycan Ordusu yüksəkdəqiqli silahlardan istifadə etdi. Nəticədə cəmi 23 saatdan sonra erməni silahlı birləşmələrini və separatçıları “ağ bayraq” qaldırmağa məcbur oldu. Bununla da 100 ildən çox davam edən erməni bəlası başımızın üstündən tamamilə çəkildi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Antiterror əməliyyatları 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu oldu”.
Qeyd edək ki, mayor E.Təhməzov həm Aprel döyüşlərinin, həm 44 günlük Vətən müharibəsinin, həm də 2022-ci il sentyabrın 12-14-də baş verən sərhəd döyüşlərinin iştirakçısıdır. Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar zamanı Laçın istiqamətində aparılan hərbi əməliyyatlar zamanı yaralanaraq ehtiyata buraxılıb. (AZƏRTAC)