11.11.2024, 18:45
AZ EN
18.09.2024, 09:31 275

Hiss edirdim ki, övladım şəhid olacaq...

XƏBƏRLƏR
  • Ruslan idman müəllimi olsa da hərbçi kimi Vətənə xidmət etməyi seçdi. O, uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Onun da ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və bu yolda vuruşmaq idi. Ruslan hərbi xidmətini Füzulidə keçirmişdi və düşmənin törətdiyi qanlı hadisələrin şahidi olmuşdu. Anası Elnarə xanım şəhid övladından böyük qürurla danışır. O həm də bildirir ki, şəhidlərimizin hamısı ana-bacı üçün, qeyrət üçün, Vətən naminə sinələrini düşmənə sipər etdilər.  Oğlunun dostlarına hərbi salam verən ana deyir ki, Ruslan sayılıb-seçilməyi xoşlayırdı. Elə bu arzusuna da çatdı və ən yüksək məqama qovuşdu. Müharibə başlayandan ana qəlbi hiss edir ki, ciyərparası şəhid olacaq...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Ruslan Allahyar oğlu Baladovun doğum günüdür. O, 1997-ci il sentyabrın 18-də Hacıqabul rayonunda anadan olub. Hacıqabul rayon N.Ağayev adına 4 saylı tam orta məktəbin 9-cu sinifini bitirdikdən  sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alıb. 2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirib hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan qısa müddət sonra yenidən MAXE kimi Vətənə xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan MAXE Ruslan Baladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. İgid döyüşçü müharibənin ilk və həlledici günlərində - 29 sentyabr 2020-ci il tarixində Suqovuşan və Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

2020-ci il oktyabrın 4-də şəhidimiz Hacıqabul Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Baladov Ruslan ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər