Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin Xocavənd rayonu üçün uğurlu olduğunu diqqətə çatdıran icra başçısı ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. Eyvaz Hüseynov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Daha sonra Eyvaz Hüseynov bu il Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetindən söz açaraq qeyd etdi ki, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi olan, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulan təhsil ocağı bu tədris ili Qarabağ Universiteti kimi yenidən fəaliyyətə başlayır. Başçı yüksək bal toplayaraq Qarabağ Universitetini seçən abituriyentlər arasında xacavəndli şagirdlərin də olmasının qürurverici hal olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən valideynlər, müəllimlər, Qarabağ Universitetinə qəbul olan tələbələr yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik ediblər.
Hazırladı: Mina RƏŞİD