23.12.2024, 09:04
AZ EN
13.09.2024, 13:10 382

“Dəmir bilək” top komandiri

XƏBƏRLƏR
  • Siyahim uşaqlıqdan idmanla məşğul olub, qol güləşində həmişə birinci olardı. O, sanki anadan qəhrəman doğulmuşdu. Harada, hansı yarışda iştirak etsəydi qalib olardı. Elə ona görə də ona “Dəmir bilək” deyərdilər. Kiçik gizir Siyahim Dəmirov Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardan olub. Tovuz döyüşlərində qəhrəman kəşfiyyatçı kimi yadda qalıb. Şanlı Vətən Müharibəsində isə 33 gün vuruşaraq düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. O, döyüşlərə Füzulidən başlayıb. Burada düşmən istehkamlarının dağıdılmasında Siyahimin xüsusi xidmətləri olub. Onun döyüş yolu Şuşaya qədər gəlib çıxıb. Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv edib, kəşfiyyatçısını əlbəyaxa döyüş zamanı boğaraq öldürüb. Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edəndən sonra qəhrəmancasına şəhadətə ucalıb.

Bu gün gizir, top komandiri, Qarabağ ordenli qəhrəman şəhidimiz Siyahim Əlizamin oğlu Dəmirovun doğum günüdür. O, 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.1997-2008-ci illərdə R. Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. Siyahim Dəmirov 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində mərdliklə savaşıb. Döyüşdə göstərdiyi şücaətlərə görə fəxri-fərmanlara layiq görülüb.

Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Beyləqan şəhərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Siyahim Dəmirov ölümündən sonra ''Vətən uğrunda'', “Vətən müharibəsi iştirakçısı”, ''Kəlbəcərin azad olunmasına görə'', Cəbrayılın azad edilməsinə görə”, “Şücaətə görə”, ''Xocavəndin azad olunmasına görə'' medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər