16.09.2024, 22:58
AZ EN
07.09.2024, 16:15 149

Türkiyəli ekspert: Terrorçuların Ermənistana maneəsiz gəlməsi regional proseslər kontekstində bir çağırışdır

XƏBƏRLƏR
  • ABŞ-da Türkiyə və Azərbaycanın diplomatik missiyalarına qarşı hücumlar hazırlayan erməniəsilli Aram Brensonun ətrafında baş verən hadisələr 1982-ci il yanvarın 28-də Los-Ancelesdə baş konsul Kemal Arıkanı qətlə yetirən digər erməni terrorçusu Ambik Sasunyanın cinayət əməlini xatırladır. Sasunyan da Brenson kimi 2021-ci ildə hər hansı maneə olmadan Birləşmiş Ştatları tərk edərək Ermənistana gəlmişdi.

Bu fikri Ankaradakı Avrasiya Araşdırmalar Mərkəzinin eksperti Hazel Çağan Elbir ifadə edib. Onun sözlərinə görə, ABŞ Federal Təhlükəsizlik Bürosunun və prokurorluğun Brensonla bağlı mövqeyində çoxlu ziddiyyətlər var. Belə ki, Çikaqo Universitetinin yataqxanasında 2023-cü il yanvarın 2-də baş vermiş partlayışdan dərhal sonra hüquq-mühafizə orqanlarının bu terrorçunu həbs etməməsi suallar doğurur.

Türkiyəli ekspert deyib: “İstintaq orqanları potensial terrorçunun ifadəsinə inanmağa üstünlük verib, hərçənd Brensona qarşı irəli sürülən ittihamların hər bəndi azı beş il müddətinə azadlıqdan məhrumetmə və 250 min dolara qədər çərimə cəzasını nəzərdə tutur”.

Onun sözlərinə görə, istintaqın əlində olan dəlillər Türkiyə və Azərbaycana qarşı terror aktları hazırlamaq planlarını açıq şəkildə təsdiqləyir. Bu cinayət əməli Brensonun özündən asılı olmayan şəraitə görə həyata keçirə bilməyib. Nəticədə potensial terrorçuya sakitcə ABŞ-ı tərk edərək Ermənistana qaçmağa icazə verilib.

Ekspert qeyd edib ki, prokurorluğun mövqeyi çox məyusedicidir, burada Brensonun terror fəaliyyətini təsdiqləyən aşkar arqumentlərin olmasına baxmayaraq, ona qarşı yalnız “yalan ifadə vermə” və “partlayıcı maddə hazırlamağa cəhd” maddələri ilə ittiham irəli sürülüb.

Bütün bunlar Aram Brensonun kompüterində terror təşkilatının yaradılması və hücumların planlaşdırılması üzrə təlimat verdiyi 10-a qədər videonun tapılmasına baxmayaraq baş verib. Videoda terrorçu hücumları maliyyələşdirmək üçün narkotikdən əldə edilən gəlirlərdən və banditizmdən istifadə etməyi təklif edir.

Eyni zamanda, o, terror fəaliyyəti ilə bağlı məlumatları yalnız erməni dilində paylaşmağa çağırır ki, bu da istintaq orqanlarının işini çətinləşdirəcək.

Ekspert qeyd edir ki, bununla yanaşı, agent Tomas M. Dalton tərəfindən hazırlanan ittiham aktında Brensona münasibətdə “Azərbaycanın mübahisəli torpaqları” ifadəsi yer alır, baxmayaraq ki, 44 günlük müharibənin nəticələri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verdi.

Onun sözlərinə görə, ittiham aktının müəllifinin Cənubi Qafqaz reallıqları və erməni tərəfinin terminologiyasından açıq-aşkar məlumatsız olduğu anlaşılır.

“İrəvanın Ankara və Bakı ilə münasibətlərinin normallaşdırılması yolları ilə bağlı müzakirələr fonunda terrorçuların Ermənistanda maneəsiz mövcudluğu faktı bir çox suallar doğurur və regional proseslər kontekstində bir çağırışdır”, -deyə AVİM mərkəzinin eksperti vurğulayır. (AZƏRTAC)

Oxşar xəbərlər