20.10.2024, 23:56
AZ EN
03.09.2024, 09:00 343

Ana, mən şəhid oldum...

XƏBƏRLƏR
  • Onlar iki qardaş idilər. Hələ kiçik yaşlarında hərbi paltar geyinib taxtadan düzəltdikləri avtomatla sanki düşmənlə vuruşurdular. Anası deyir ki, Ələkbər də, qardaşı da uşaqlıqdan vətənpərvər böyüyüblər. Deyirdilər ki, torpaqlarımızı biz işğaldan azad edəcəyik. Allah Ələkbərə çox qabiliyyət vermişdi, hara gedirdisə uğur qazanırdı. Gözəl şeir söyləmək qabiliyyəti vardı, qəzəllər deyərdi. İdmanla məşğul olardı, sonra da Çingiz Mustafayevin “Mən şəhid oldum” mahnısını dinləyərdi. Deyirdi ki, əgər mən şəhid olsam bu mahnını dinləyərsiniz...  

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Ələkbər İsgəndər oğlu Ələsgərovun doğum günüdür. O, 1998-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olub. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olub. Nişanlı idi.

Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq Vətənə xidmət edib.

Ələkbər Ələsgərov general Polad Həşimovun şəhidliyindən sonra könüllü orduya yazılıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə mərdliklə savaşıb. Ələkbər Ələsgərov 2020-ci il oktyabrın 1-də Füzulinin Alxanlı kəndi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla Hökməli qəbiristanlığında torpağa tapşırılıb.

Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə həkk edib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Ələkbər Ələsgərova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ələkbər balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər