KOBİA-dan bildirilib ki, avqustun 23-dən etibarən keçiriləcək təlimlər “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzularını əhatə edəcək.
Proqram üzrə seçimlərdə iştirak etmiş vətəndaşlarla yanaşı, digər şəxslər - sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ilkin biznes biliklərinə yiyələnmək istəyənlər də təlimlərdə iştirak edə bilərlər. Bərdə şəhərinin Qarabağ Regional Məşğulluq filialında keçiriləcək təlimlərdə iştirak etmək istəyən digər şəxslər (+994) 50 789 38 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təlimlərdə iştirak ödənişsizdir.
Qeyd olunub ki, “Qarabağ KOB-ları” proqramının məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Proqramın birinci hissəsi 2023-cü ildə icra edilib. 2024-cü il üzrə proqram isə Qarabağ regionu da daxil olmaqla ümumilikdə altı şəhər və rayon üzrə 70 şəxsi əhatə edəcək. Onlar proqram çərçivəsində biznes və seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin ediləcək. Artıq namizədlərin seçim prosesi başa çatıb və təlimlərə başlanılıb. (AZƏRTAC)