22.11.2024, 15:01
AZ EN
16.08.2022, 08:00 153

Şuşada beynəlxalq skaut düşərgəsi təşkil edilib

XƏBƏRLƏR
  • Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində yuxarı yaşlı skautlar üçün “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Şuşaya ilk addımlarını “Zəfər Yürüşü” ilə atan skautlarımızın Qarabağdakı ilk düşərgəsində Türkiyə, Polşa, Ukrayna, Macarıstan, Gürcüstan, Misir və Moldovadan 20 skaut iştirak edib. Bununla da “Wonderland Shusha 2022” düşərgəsi skautların Qarabağda ilk düşərgəsi kimi tarixə düşüb.

Beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq, gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, “Şuşa İli” çərçivəsində yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir.

Ümumilikdə 150 nəfərin iştirak etdiyi düşərgənin ilk günü skautlarımız çadırlarını qurduqdan sonra təhlükəsizlik qaydaları ilə tanış olub, “zərərdən müdafiə” təlimini keçiblər. Daha sonra Şuşa şəhərinin ecazkar təbiəti və tarixi ilə yaxından tanış olublar.

Proqramı humanitar istiqamətdə qurulan bir həftəlik düşərgənin növbəti günlərində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İlk yardım”, Konflikt jurnalistikası məktəbi tərəfindən “Ekstremal jurnalistika” və “Sosial şəbəkələrdən doğru istifadə etmə”, Fövqəladə Hallar Nazirliyi tərəfindən “Təməl yanğından mühafizə”, “Alpinizm alətlərindən istifadə”, “Çətin şəraitlərdə yaralıların təxliyəsi”, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri tərəfindən “Ekstremal hallarda sağ qalma və qidalanma”, “Əldə olan vasitələrlə gecə və gündüz səmti müəyyənetmə”, “Aselsan Bakı” şirkəti tərəfindən “Simsiz radio rabitə sistemlərindən istifadə” və s. təlimlər baş tutub. Daha sonra öyrəndiklərini tətbiq etmək məqsədi ilə onlar üçün ssenariləşdirilmiş simulasiya həyata keçirilib.

Düşərgə müddətində skautlar Şuşa şəhər mərkəzinin tullantılardan təmizlənməsi, Tut bağındakı ağacların əhənglənməsi, cıdır düzünün təmizlənməsi və s. kimi sosial aksiyalar da həyata keçiriblər.

Hər günün sonunda düşərgə tonqalı ətrafına toplaşan skautlar öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək günü pozitiv əhval-ruhiyyə ilə başa vurublar. (AZƏRTAC)

Oxşar xəbərlər