22.02.2025, 19:30
AZ EN
15.08.2024, 09:00 430

Bu gün baş leytenant Elvin Zakirovun doğum günüdür

XƏBƏRLƏR
  • Elvin Zakirov ehtiyatda olan zabit idi, o səhhətindəki problemlərə görə müvəqqəti olaraq bu sahədən ayrılsa da müharibə başlayan kimi döyüşlərə can atır. Dəfələrlə müraciətindən sonra onu müharibəyə göndərirlər. Elvin bu xəbəri eşidəndə sevincindən yüksək rütbəli zabiti qucaqlayır. Çünki torpaqlarımızın düşməndən azad olunması Elvin Zakirovun da ən böyük arzusu idi...

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Elvin Ağasəlim oğlu Zakirovun doğum günüdür. O, 1980-ci il avqustun 15-də Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 nömrəli tam orta məktəbin birinci sinifinə qəbul olunmuş, 1998-ci ildə bu məktəbi bitirmişdir.

Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin indiki İncəsənət və fiziki tərbiyə fakültəsinin "bədən tərbiyəsi və hərbi hazırlıq" ixtisasına qəbul olunmuşdur. Elvin Zakirov 2001-ci ildə ali məktəbdən məzun olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı Goranboy rayonunda, cəbhə bölgəsində xidmət etmişdir.

Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt şəhər 14 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi işləyib. 2002-ci ildə öz ərizəsi ilə yenidən ordu sıralarına qayıdıb. Qazax rayonunda cəbhə bölgəsində yerləşən postlarda tağım komandiri vəzifəsini icra etmiş və burada xidməti dövründə baş leytenant rütbəsini qazanmışdır.

Elvin Zakirov oktyabrın 16-dan Füzuli istiqamətində döyüşlərə qatılıb və Füzulidən Şuşaya qədər döyüş yolu keçib. O, xüsusilə Xocavənd uğrunda gedən gərgin döyüşlərdə şücaətlər göstərib.

Baş leytenant Elvin Zakirov noyabr ayının 9-da Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz noyabr ayının 20-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən  Elvin Zakirov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medallarına və “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Şəhidimizin Yağmur adında qızı və Toğrul adında oğlu Vətənə yadigar qalıb.
Qızı deyir ki, düzdü, istəyərdim ki, atam həmişə yanımda olsun, mənim hər anımı görsün. Amma Vətən uğrunda şəhid oldu və biz onunla, belə atalarımızla, oğullarımızla fəxr etməliyik...

Bəli, biz Elvin Zakirov kimi bütün şəhidlərimizlə qürur duyuruq.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər