20.09.2024, 00:19
AZ EN
09.08.2024, 11:53 229

Azərbaycanın Həcər qeyrətli MEHRİBANI

XƏBƏRLƏR
  • Həyata gözlərimi açandan, ağlım kəsəndən fəxr etmişəm ki, ana yurdum, doğma ocağım, barlı-bərəkətli torpağım və müqəddəsgahım Qubadlıdır. Təkcə ona görə yox ki, o torpaqda böyüyüb boya-başa çatmışam. Ona görə ki, əzəldən qəhrəmanlar diyarı, ərlər, ərənlər oylağı kimi ad-san qazanmış, tarixlərin yaddaşında həmişəyaşar iz qoymuş, nəsillərə örnək, milli mentalitetimizə layiqli rəmz olmuş qocaman diyarımız elə xəyallarımızda da beləcə əbədiləşmiş, beləcə daşlaşmışdır.

Hansı bir dövrü, hansı bir zamanı vərəqləsən, o dövrün, o zamanın yadda qalan şərəfli hadisələri öz əksini o torpaqda tapmamış olmur. Qubadlının övladlarında olan igidlik, qəhrəmanlıq, mərdlik, cəsarətlilik və qorxmazlıq bu gün dünyanın elə bir küncü-bucağı yoxdur ki, orada yaxşı mənada öz əksini tapmamış olsun. Əzəli və əbədi dillərdə dastan olan Qaçaq Nəbi və Həcərimizin Azərbaycan tarixində dünyaya car çəkən əks-sədası hər bir azərbaycanlımızın qürur mənbəyinə, qəhrəmanlıq simvoluna çevrilərək milli genimizə gətirdiyi dəyərlər gözlərimiz önündədir. Qubadlı Azərbaycanımızın qürur mənbəyidir, - deyənlər heç də yanılmırlar. Hər şey göz qabağındadır. Qubadlının oğlanları Qaçaq Nəbi qeyrətli, qızları da Həcər ismətlidirlər. Bu insanlar Allahın kübarlıq bəxş etdiyi insanlardır, misilsiz ada-sana və şöhrətə layiqdirlər. Bu insanlar Azərbaycanımızın qürur, nüfuz və mərdlik simvoludur.

Bu gün bəlkə də çoxları Elvira Araslının «İnsan və onun zamanı» adlı dəyərli tarixi əsərindən xəbərsizdir. Belə deyək, Yusif ağa kimi nəhəng bir şəxsiyyətin, onun timsalında daha neçəsinin böyüklüyü çoxlarına məlum deyil. Ancaq heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu mənada, Yusif ağanın şəcərəsi barədə oxucularımıza məlumat vermək istəyirəm.

Əli Əmiraslanov Zəngəzur mahalının Qubadlı qəzasının dağ kəndi olan Balahəsənlidə doğulmuşdur. Erməni quldur dəstələri Turkiyə, Naxçıvan və İrəvandan sonra Zərgəzuru da qana boyadıqları vaxt Əlinin də nənəsini və bütün qohumlarını diri-diri yandırmışlar. Əli də məcburiyyət qarşısında qalaraq Şamaxı şəhər idarəsində böyük vəzifə sahibi olan dayısı - Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ana babası Yusif ağanın yanına gedir. Qubadlının dağlar oğlu həyatının ən ağır, ən məşəqqətli günlərini kiprikləri ilə od götürə-götürə yaşasa da, nəhayət ki, Moskvada ali məktəb bitirib elmlə məşğul olur, elmi işçidən SSRİ Baş Geologiya İdarəsinin rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, Kollegiya üzvü, Stalinin geologiya məsələləri üzrə müşaviri vəzifələrinə qədər yüksəlir, geologiya-minerodogiya elmləri doktoru alimlik dərəcəsi alır, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü (1953-cü il) və s. kimi adı tarixə düşür. Belə bir şəxsiyyət haqda çoxlarının xəbərsiz olması, sadəcə, təəssüf doğurur.

Bəhs etdiyim nəslin nümayəndəsi olan Mehbalı Əmiraslanov da Moskvada Mədən Akademiyasını bitirəndən sonra Leninqradda (Sankt-Peterburq) çalışır, sonra Azərbaycana qayıdaraq Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Mərkəzi Komitə katibi, Büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olur, zəngin bir həyat yolu keçir.

Mir Cəfər Bağırovun məhkəməsində təkcə Mehbalı Əmiraslanov onun yaxşı cəhətlərindən, uğurlu dövlətçilik işindən danışır, müdafiə xarakterli çıxış edir. O, həmçinin neçə-neçə tanınmış və dəyərli insanı da Stalin repressiyasından qoruyub.

Tariximiz üçün böyük əhəmiyyət kəsb edən şəcərənin bir üzvü də o dövrdə hamının xeyirxah və yaxşı insan kimi tanıdığı Gövhər xanımdır. O, görkəmli ictimai-siyasi xadim, uzun illər «Bakı-Baku» qəzetlərinin redaktoru işləmiş Nəsir İmanquliyevin həyat yoldaşı, həm də Azərbaycanımızın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ana nənəsidir.

Ulu Tanrı bu şəcərədə daha bir şəxsiyyətə yer ayırıb, Azərbaycanımıza Aida xanım kimi Həcər qeyrətli və ismətli bir insan da nəsib edib.

Qubadlının Balahəsənli kəndindən başlanan bu uğurlu yol, bu şəcərə böyük insanlıq simvoludur, Nəsir İmanquliyev kimi böyük bir şəxsiyyətin izdivacı yüz illik əxlaqın təntənəsini nümayiş etdirəcək yolun təməli, bünövrəsidir.

«Mənim təsəvvürümdə həmişə əsl Şərq qadınının etalonu kimi qalan, nadir dərəcədə gözəl qadın - Aida xanım təəssüflər olsun ki, həyatdan çox erkən köçdü. O, böyük şəxsiyyət idi. Tanınmış şərqşünas alim, elmlər doktoru idi...» (E.Araslı: «İnsan və onun zamanı», bakı-2008).

Bütövlükdə Şərq ədəbiyyatında öz dəsti-xətti ilə tanınan Aida xanım - bu görkəmli elm xadimi qoca Şərqin qapısı adlanan Azərbaycanımıza Mehriban Əliyeva kimi bir Günəş bəxş edib. Bu Günəşin hərarəti və istisi təkcə Azərbaycana deyil, bütün dünyaya şəfəq saçır, öz xeyirxahlığı ilə milyonların qəlbində şölələnir.

Bax, tarix budur! Heç kim “Sən haralısan?” deməməlidir. Biz hamılıqla bir Azərbaycanıq və onun qoynundan həyata səpələnmişik...

Bəli, Qaçaq Nəbi və Həcərin nəsillərə ərməğan etdikləri əbədi qürur, mərdlik, dəyanət, dözüm, Vətən eşqi, namus-qeyrət mücəssəməsi bu gün ölkə prezidentinin ən etibarlı, ən yaxşı köməkçisi Mehriban Əliyevanın fövqündə öz əksini tapır.

Türkiyə və Qafqazın tarixinə onlarla tanınmış dövlət xadimi bəxş etmiş Zəngəzurun ən nüfuzlu, əsilli-köklü bəy nəslinin - Sultanovların nümayəndəsi Yusif ağa rus-yapon müharibəsində igidliyi ilə ad-san qazanıb, rus hökumətinin ordenlərinə layiq görülüb.

Bu nəsildən olan Əli Əmiraslanovun Stalin, Beriya, Mir Cəfər Bağırov, sovet elminin başında duran bir çox alimlərlə münasibətləri olub. Mir Cəfər Bağırov onu dəfələrlə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlər Akademiyası prezidentliyinə israrla dəvət edib, o isə Azərbaycanımızı xaricdə təmsil etməyi daha üstün tutub.

Göründüyü kimi, tarixi faktlar həqiqətləri açır. Biz bu faktları göz-bəbəyimiz kimi qorumalı, sonrakı nəsillərə ötürməliyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın Qubadlı rayonuna səfəri zamanı rayon ictimaiyyətinin böyük sevinc hissi yaşaması, şəhid Milli Qəhrəman Şukur Həmidovun atası Nəriman Həmidovun onlara “ata- baba yurdunuza xoş gəlmisiniz” deməsi də Qubadlının necə fəxarət doğuran bir müqəddəs yer olmasına işarədir. Bəli, Qubadlı Azərbaycana böyük şəxsiyyətlər bəxş edib.

Tarix onsuz da heç nəyi silmir, heç nəyi itirmir. Gəlin, biz də tarixi faktları itirməyək, nəsillərin yaddaşına köçürək.

 

Elbrus QULIYEV,

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədr müavini,

Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

Oxşar xəbərlər

SON XƏBƏRLƏR