23.12.2024, 10:00
AZ EN
02.08.2024, 08:57 370

Qarabağ Azərbaycandır

XƏBƏRLƏR

El bilir ki, sən mənimsən,

Yurdum-yuvam məskənimsən,

Anam, doğma Vətənimsən

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Dilimizin əzbəri olan böyük Səməd Vurğunun “Azərbaycan” şeirindən olan bu bəndi 3 yaşında şəhid övladından dinləmək insanda qürur hissi yaradır. Dəniz sanki atası şəhid olandan sonra daha tez böyüyüb, dil-dil ötür. Deyir, Qarabağ Azərbaycandır, Şuşa, Laçın Azəbaycandır! Balaca Dəniz şəhid, gizir İsmət Məmmədovun ciyərparasıdır. Şəhidimizə İsmət adını Azərbaycanın ilk baş prokuroru, şəhid İsmət Qayıbovun şərəfinə vermişdilər. Həyat yoldaşı deyir ki, İsmət çox da böyük xəyallar qurmağı sevməzdi. Deyirdi ki, sadəcə evimiz olsun, ailəmizlə xoşbəxt olaq...  

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, gizir İsmət Hikmət oğlu Məmmədovun doğum günüdür. O, 1993-cü il avqustun 2-də Kürdəmir rayonunun Sor Sor kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətdən sonra Bakıda gizirlik kursunda hərbi peşəyə yiyələnib. Tərtər rayonunda hərbi hissədə xidmətə başlayıb. Atasının söylədiyi kimi, bu oğlunun arzusu idi. Hələ məktəb yaşlarından, idmanla məşğul olan İsmət hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. İsmət Aprel döyüşlərinin də iştirakçısıdır. O, xüsusi fədakarlığına görə komandirləri tərəfindən mükafatlandırılaraq fəxri-fərmanla təltif edilib. İsmət daha sonra Goranboyda hərbi hissədə xidmətini davam etdirib.

Ordumuzun giziri İsmət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Məmmədov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Şəhidimiz Kürdəmir rayonunda, doğma kəndində böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İsmət Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

İsmətin atası Hikmət Məmmədov deyir ki, Vətən müharibəsi başlayanda Silahlı Qüvvələrimizin sıralarında 2 övladım - İsmət və Elməddin də ön cəbhədə erməni işğalçılarına qarşı igidliklə vuruşub. Hər dəfə bunu onların döyüş yoldaşlarından, komandirlərindən eşidəndə böyük qürur hissi keçirirəm. Əlbəttə, müharibə şəhidsiz olmur. İsmət də qəhrəmanlıqla həlak oldu. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız azad edildi. Bu, bizim üçün təsəllidir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər