23.11.2024, 07:01
AZ EN
08.12.2022, 14:50 671

Şəhid övladları üçün “Zəfər düşərgəsi” təşkil edilib

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhid övladları üçün Zuğulba tədris idman bazasında “Zəfər düşərgəsi” təşkil edilib. Nazirlikdən verilən məlumata görə, layihənin məqsədi uğurlu şəxslərlə, eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları ilə şəhid övladları olan 8-11-ci sinif şagirdlərini bir araya gətirməklə onların düşüncəsində pozitiv dəyişikliklər yaratmaq, motivasiyanı artırmaq, düzgün ixtisas seçimi, gələcək peşə istiqamətləri və xaricdə təhsillə əlaqədar təqaüd proqramları barədə məlumatlandırmaq olub.  

Düşərgənin ilk günü şagirdlərlə görüşən elm və təhsil nazirinin müavini F.Qurbanov ölkəmizdə təhsilin əlçatanlılığını təmin etmək və keyfiyyətli təhsil almaq üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. 

Daha sonra tədbirdə iştirak edən dünya şöhrətli fotoqraf Reza Diqqəti öz uğur yolu, fotoqrafiya sənəti haqqında danışıb və uşaqları maraqlandıran sualları cavablandırıb. Tədbirdə Dövlət Proqramı məzunlarından olan Samirə Həsənzadə “Arzuların arxasınca” adlı təqdimatla çıxış edib. 

İçərişəhərə gəzinti ilə başlayan düşərgənin ikinci günü Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fidan Behbudovanın “Kosmosda fürsətlər” adlanan seminarı ilə davam edib. Dövlət Proqramının məzunu və 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Zakirov da öz növbəsində “İnformasiya texnologiyalarında karyera” mövzusunda təlim keçib. 

Qeyd edək ki, uşaqlar bu çərçivədə məntiqi təfəkkürün inkişafına həsr olunmuş interaktiv, eləcə də müxtəlif idman oyunlarına qatılıblar. Düşərgədə Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Sumqayıt, Beyləqan və Füzuli  məktəblərindən 40 şagird iştirak edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər