20.10.2024, 23:33
AZ EN
01.08.2024, 10:13 255

İnsana yaxşılıq qalacaq...

XƏBƏRLƏR
  • Azər aşıq musiqisini çox sevirdi. Elə oğlunun da adını aşıq Sayadın adından götürmüşdü. Azərin iki qız, bir oğul olmaqla üç övladı var. Uşaqları gələcəkdə təhsilli və bacarıqlı görmək istəyirdi.

Ömür-gün yoldaşı Ceyhunə xanım deyir ki, bir də həyata gəlsəydim Azəri seçib, yenə onu sevərdim. Azər qələbə sevincini yaşadı və bizə də yaşatdı. Elə bu qələbəmiz uğrunda da şəhadətə ucaldı...  

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, kiçik çavuş Azər Mahal oğlu Hüseynovun doğum günüdür. O, 1983-cü il avqustun 1-də  Gədəbəyin Yenikənd kəndində anadan olub. 1990-2001-ci illərdə həmin kənddə orta təhsil alıb. 2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Azər 2016-cı ildən yenidən ordu sıralarına qayıdıb. Müddətdən artıq hərbi xidmətə başlayaraq kiçik çavuş rütbəsini qazanıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Azər Mahal oğlu Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. 25 oktyabrdan döyüşlərə qatılan Azər Laçın dəhlizi, Xocavənd  və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib. O, dekabrın 11-də Hadrutda antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz dekabrın 13-də doğma Gədəbəyin Yenikənd kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Azər Hüseynov ölümündən sonra  "Vətən uğrunda" və "Şuşanın azadlığına görə" medalları ilə təltif olunub.

Azərin qəhrəmanlıqla dolu həyat hekayəti burda bitsə də, o həm də insanlığı ilə yaddaşlarda qaldı. Döyüş dostları deyirlər ki, o həmişə yanımıza əlidolu gələrdi. Söz düşəndə deyərdi ki, ömür qısadı, insana ancaq yaxşılıq qalacaq. Amma Azər Hüseynov kimi qəhrəman oğulların ömrü sonsuza qədər uzunacaq. Çünki şəhidlər əbədi olaraq yaşayacaqlar...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD  

Oxşar xəbərlər