“Vətən səsi” "Modern.az" saytına istinadən xəbər verir ki, Şəbnəm Səfərova 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəliyini irəli sürüb. O, özü də əslən bu rayondandır: “Uzun müddətdir götür-qoy etdiyim qərarı doğma ağdamlılarla paylaşmaq bu günə qismətmiş.
23 iyul 1993-cü ildə Ağdam sakinləri həyatlarının dönüş nöqtəsini yaşadılar. O vaxta qədər qurub-yaratdığımız hər şeyi itirdik. Məcburi köçkün düşərgələrində, çörək növbələrində ağır həyat şərtləriylə mübarizəmiz başladı. Biz həm millət, həm də dövlət olaraq bu mübarizədən üzüağ çıxdıq. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyilə Qarabağın digər bölgələri kimi Ağdam üçün də yeni tarix yazdı: 20 noyabr 2020-ci il!
Qarabağ mövzusu həmişə sosial fəaliyyətimin bütünü olub. Elə bilirəm Qarabağda doğulmaq, o müharibəni yaşamaq, köçkün düşərgəsində keçən uşaqlıq həyatımın qalan bütün hissəsinin istiqamətini müəyyənləşdirdi.
Əgər Yaradan qismət edərsə, doğma ağdamlılarım da etimad göstərərsə, növbəti 5 ili ölkəmə və xüsusən də Ağdama millət vəkili olaraq xidmət etmək istəyirəm.
1-2 gün sonra seçki qərargahımızın üzvləriylə birgə Ağdamda seçici imzalarını toplayaraq 119 saylı Ağdam seçki dairəsinə olan müraciəti tamamlayacağıq”, - deyə Şəbnəm Səfərova bildirib.
Şəbnəm Səfərova Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədridir.
Qeyd edək ki, 119 saylı Ağdam seçki dairəsindən tanınmış politoloq Elxan Şahinoğlu da deputatlığa namizədliyini irəli sürüb.
Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Ramil Səfərov 2004-cü ilin yanvar ayında Azərbaycan ordusunun baş leytenatı kimi NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Eyni kursa ezam olunmuş iki nəfər erməni zabit orada Ramil Səfərova mənəvi təzyiq göstərərək, onu aqressiv davranışa təhrik ediblər.
Ramil Səfərov 2004-cü il fevral ayının 19-da - vətənə dönməyə 20 gün qalmış kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.
Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Azərbaycan tərəfinin Macarıstanla apardığı danışıqlardan sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. O, Azərbaycan Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.
1 sentyabr 2012-ci ildə ona mayor rütbəsi təqdim edib.
2012-ci ilin oktyabrda Ramil Səfərovun ailə həyatı qurub, hazırda bir qızı, bır oğlu var.
2017-ci ildə R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.
Tahirə AĞAMİRZƏ