Ceyhun Məmmədov yazır:
Tarix boyu ermənilər Azərbaycan xalqının başına bir çox faciə və müsibətlər gətiriblər. Belə hadisələrdən biri də 30 il öncə – 15 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonunda baş vermişdir. Həmin hadisə zamanı Ermənistan silahlı qüvvələri ordumuzun Daşbaşı postuna qəfil hücum edərək 23 əsgərimizi vəhşicəsinə qətlə yetirdilər.
Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri kordinatlar əsasında açdıqları yaylım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda isə zenitçilər mövqedə durmuşdular.
Ümumilikdə, Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı. Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı.
Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların nəşlərini tanınmaz hala salmışdılar.
Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam Şəhidlərin məzarlarına qoyuldu.
Daşbaşı postu və kəndi 27 il sonra düşmən işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər. İşğaldan azad olmuş doğma torpaqları ziyarət edən Cəbrayıl camaatı “Daşbaşı” Şəhidlərinin dağıdılmış məzarlarını bərpa etməyi özlərinə borc bildilər.
Daşbaşı hadisəsi Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlanır. Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anır, Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik.
Hazırladı: Tahirə AĞAMİRZƏ