21.09.2024, 21:22
AZ EN
18.07.2024, 22:00 264

Çal-çağırlı səadətdi Şuşaya getmək…

XƏBƏRLƏR
  • Bu günlər azad, doğma Şuşada “Vaqif Poeziya günləri” keçirilir. Bu münasibətlə Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcidin Şuşaya həsr etdiyi şeirlər silsiləsi və “Şuşa dəftəri”ndən iki şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

ŞUŞA SEVGİSİ

Prezidentlər Şuşadaykən

 

Süzülür dan yerindən tarixlərin işığı –

Dahilər şəhərinin işıqdı yaraşığı!

Şəninə dastan yazır,

​​söz qoşur haqq aşığı,

Əcdaddan paydı, deyir,

​​qoca Şuşa sevgisi!

 

Azərbaycan əsgəri...

​​borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

​​tunca Şuşa sevgisi!

 

Çox da qıvrılır yolu;

​​yol piyada, can atlı!

Ün yetməz zirvəsinə çox nəsillər can atdı...

Adında qoşa heca – sanki qoşa qanaddı

Qopmuş körpə dilindən

​​qönçə Şuşa sevgisi!

 

Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,

Heyrət çökən dərələr ucalıq heyranıdı!

İndi onu cahana prezidentlər tanıdır;

Tarix görməyib əsla

​​bunca Şuşa sevgisi!

 

Qalxır hünərli şəhər, olur qızıl dirəkli

Daş deyil hörülən daş, məhəbbətdi, ürəkdi!

Çağlayan sevgilərin ilham mənbəyi təkdi –

Ali Baş Komandanın uca Şuşa sevgisi!

 

ŞUŞAYA GETMƏK

 

Yollar ağır, cığırlar dik, sıldırım çətin,

Qaya-qaya igidlərin tək adı – MƏTİN!

Şəhid düşən ərənliyin, məğrur qeyrətin

Pak ruhunu ziyarətdir Şuşaya getmək!

 

Demə vətən Şirin imiş, Fərhadmış insan,

Lap ölsə də haqq yolundan dönməz qəhrəman!

Qayaları al qan ilə yazılı dastan,

Tükənməyən fəxarətdir Şuşaya getmək!

 

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,

Dərələri dərin fikir, yamacı sirdaş!

Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,

Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

 

Xarıbülbül sevdasına tutuşmaqdımı?

Saf havayla, nur yağışla qatışmaqdımı?

Yaradanın dərgahına yetişməkdimi,

Ya cənnətə səyahətdi Şuşaya getmək?

 

Büllur kimi yanır par-par göyə, yerə bax!

Pərvanəsi olana bax, səməndərə bax!

Cıdır düzü bələnibdi nəğmələrə, bax,

Çal-çağırlı səadətdi Şuşaya getmək!

 

Dahiləri yetişdirib suyu-çörəyi,

Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.

Bəstəsinə təzim üçün Üzeyir bəyin

Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər