02.08.2025, 05:55
AZ EN
15.07.2024, 08:23 366

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi qeyd edilib

XƏBƏRLƏR
  • Azərbaycan Yazıçılar Birliyinin iyunun 13-də 90 yaşı tamam olub.

Bu münasibətlə AYB silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.

Dünən Beynəlxalq Muğam Mərkəzində ədəbi-bədii gecə ilə həmin tədbirlərə start verilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan yubiley gecəsini AYB-nin katibi, şair, tərcüməçi, tədbirin moderatoru Səlim Babullaoğlu açıq elan edib. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Səlim müəllim AYB-nin yubileyinin ilk dəfə bütöv Azərbaycanda keçirilməsini tarixi hadisə adlandırıb. 

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışının əvvəlində 1937-ci il represiya qurbanlarının xatirəsini yad edib, onların nakam talelərindən söhbət açıb. Bu 90 illik keşməkeşli, eyni zamanda, şərəfli tarixdə AYB-nin və yazıçı-şairlərimizin fəaliyyəti, ədəbiyyatımızın inkişafı barədə fikirlərini bölüşən Xalq yazıçısı müstəmləkəçilik dövründə Azərbaycan dilinin yaşadılmasında, təbliğində yazıçı-şairlərin böyük rolunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımıza diqqət və qayğısını xüsusi vurğulayan AYB sədri minnətdarlıq hissini tədbir iştirakçıları ilə bölüşüb.

Xalq yazıçısı Anar AYB-nin yubileyi ilə əlaqədar müxtəlif türk dövlətlərindən ölkəmizə təşrif buyurmuş qonaqları salamlayıb, qonaqlarla birgə ötən üç gün ərzində Şuşadakı səfərin təəssüratını bölüşüb. Ali Baş Komandanın və şanlı Ordumuzun şücaəti nəticəsində Şuşanın, bütöv Qarabağın azadlığının necə böyük tarixi səadət olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli çıxışında AYB-nin keçdiyi tarixi yola ümumi nəzər salıb. O bildirib ki, birlik bütün dövrlərdə azərbaycançılıq ideyasına xidmət edib, bütün çətinliklərə sinə gərib. AYB-nin keçmiş sədrlərini yada salan akademik Xalq yazıçısı Anarın sədrliyi dövründə birliyin fəaliyyətini yüksək qiymətləndirib. İ.Həbibbəyli bu illər ərzində AMEA ilə AYB-nin sıx əlaqəsinin elmlə ədəbiyyatın vəhdətinə səbəb olduğunu nəzərə çatdırıb.

Azərbaycan Repsublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov cənab nazir Adil Kərimlinin adından 90 illik yubiley münasibətilə bütün yazıçı və şairləri təbrik edib, xoş arzularını çatdırıb. F.Cəfərov türk dövlətlərindən gələn qonaqları salamlayaraq onların gəlişini, türk xalqları arasındakı ədəbi əlaqələrin güclənməsini yüksək qiymətləndirib.

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev indiyə qədər birliyin sədri olmuş görkəmli şəxsiyyətlərin üzləşdiyi haqsızlıqlardan bəhs edib. O, eyni zamanda, Birinci Qarabağ savaşında övladı şəhid olmuş 11 yazıçı-şairin xatirəsini ehtiramla yad edib.

Türk Mədəniyyəti və İrsi fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov, Türkiyənin görkəmli şairi Ataol Bəhramoğlu, İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, qırğızıstanlı şair, tərcüməçi Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Minhaciddin Mirzo çıxış edərək təbriklərini çatdırıblar.

S.Babullaoğlu tədbirin növbəti hissəsinin moderatorluğunu AYB-nin mətbuat katibi, şair Xəyal Rzaya həvalə edib. X.Rza 90 illik yubileylə bağlı nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində təşkil olunmuş bu gecənin ilk və son olmadığını, ilboyu müxtəlif tədbirlərin təşkil olunacağını qeyd edib.

AYB-nin Ağsaqqallar şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə keçmiş xatirələri yada salıb, 90 yaşlı ədəbiyyat ocağının onun və yüzlərlə qələm adamının həyatındakı rolundan bəhs edib.

Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatın funksiyası, sözün sehri, yazıçı və şairlərin əsərlərinin bir xalq üçün böyük əhəmiyyətindən söhbət açıb, “Şairlərə borcumuz” adlı şeirini səsləndirib.

Opera və Balet teatrının solisti Mütəllim Dəmirovun, cənublu ifaçı Aref Mehmandust ifası tədbirə xüsusi rəng qatıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər