22.07.2024, 01:46
AZ EN
10.07.2024, 11:40 231

Bu gün tankçı şəhid Elnur Abdullayevin doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsinin qəhrəman şəhidi Abdullayev Elnur Təvəkkül oğlu 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Yuxarı Mollu kəndindəndir. 2001–2003-cü illərdə müddətli hərbi xidmətdə olub. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi yenidən ordu sıralarında Vətənə xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsində Elnur Abdullayev döyüşlərə qatılıb. O, müharibə başladığı gündən Füzuli və Xocavənd rayonları istiqamətində vuruşub. Həmin döyüşlər zamanı düşmənin 9 tankını qənimət olaraq ələ keçirib. Döyüşlərin birində idarə etdiyi tankın vurulmasından son anda xilas olsa da, oktyabr ayının 27-də qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Elnur Abdullayev xidməti müddətində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, Azərbaycan Respublikasının yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal və fəxri fərmanlarla təltif olunmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Abdullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR