Bu fikirləri “Azərbaycan Elm Adamları Dərnəyi”nin sədri, Türkiyənin Bilkent Universitetinin professoru, Əməkdar elm xadimi Əmrula Məmmədov söyləyib.
“Buradakı məqsədlərdən biri də istər Türkiyədə, istərsə də digər ölkələrdə təhsil alan azərbaycanlı gənclərin magistr və ya doktorantura proqramlarında ölkəmiz üçün daha faydalı işlər görmələri, Azərbaycan elminə töhfələr verə bilmələri üçün kömək edəcək bilik bankını yaratmaqdır. Bu, həm də gənclərimizin dünyada yaşayan elm adamlarımızı daha yaxından tanımalarına, onlarla ünsiyyət qurub bu insanların biliklərindən faydalanmalarına imkan verəcək. Çünki bizim dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış elm xadimlərimiz var”, - deyə Əmrula Məmmədov bildirib.
Dərnəyin əsas fəaliyyət istiqamətlərindən birinin də Azərbaycanda müxtəlif sahələr üzrə həyata keçirilən inkişaf proqramlarına töhfə vermək olduğunu deyən professor bu proqramlara dəstək məqsədilə elm şəbəkəsi yaratmaq istədiklərini diqqətə çatdırıb. O deyib: “Bütün bunlar üçün dərnək daxilində hər kəs öz təklifini verəcək və bu təkliflər Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə dövlətimizə çatdırılacaq. Çünki biz elm adamları belə işlərdə təmənnasız şəkildə iştirak etmək istəyirik”.
Dərnəyin təsisinə dair son toplantıda dünya bilik fondlarından istifadə edərək Azərbaycan elminə verə biləcəkləri töhfələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirən Əmrula Məmmədov vurğulayıb: “Azərbaycana elm sahəsi üzrə verə biləcəyimiz bu töhfələrin ölkəmizdəki universitetlərin dünya reytinq sıralamasında yüksəlməsinə də dəstək göstərəcəyinə inanıram. Artıq bəlli olduğu kimi, bu yaxınlarda Türkiyə-Azərbaycan Universiteti yaradıldı. Bu təhsil müəssisəsinin proqramlarında istər iştirak edərək, istərsə də onlara elmi yardım göstərərək nələri reallaşdıra biləcəyimizi müzakirə etdik. Fikrimcə, Türkiyə-Azərbaycan Universitetini yeni ali təhsil müəssisəsi kimi dəyərləndirmək düzgün deyil. Bu, bütün Türk dünyasını birləşdirəcək elm-təhsil müəssisəsi olmalı, təhsil sahəsi üzrə Türk dünyasının parlayan ulduzuna çevrilməlidir. Burada bizim verə biləcəyimiz töhfələr də olduqca vacibdir”. (AZƏRTAC)