O, 2000-ci il iyulun 2-də Bərdə rayonunun Mirzəxan kəndində anadan olub. 2006-cı ildə kənd orta məktəbinə qəbul edilib. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsində xidmətə başlayan gənc əsgər qısa zamanda komandir və rəislərin rəğbətini qazanıb. Özünün təlim-tərbiyəsi ilə hər zaman fərqlənən Əkbər komandirlərinin ona verdiyi hər bir göstərişi böyük səylə yerinə yetiririb.
Əkbər 2020-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurub. Sonra o, öz arzusu ilə vaxtilə əsgər kimi xidmət etdiyi Çevik Hərəkət Qüvvələrinin Artileriya Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda digər silah yoldaşları kimi Əkbər də ön cəbhəyə yollanıb. Müharibənin ilk günlərində cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərə qoşulub. Döyüşlərdə özünün fəallığı ilə seçilən Əkbər bir sıra yaşayış məntəqələrimizin azad olunmasında yaxından iştirak edib. Kiçik gizir Əkbər Mustafayev oktyabrın 10-da Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz oktyabrın 16-da Bərdə rayonunun Mirzəxan kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə kiçik gizir Mustafayev Əkbər Natiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əkbər balamız!
Mina RƏŞİD