Amma bütün bunlara rəğmən Vətəni daha çox sevidi. Axı, Vətən torpağı, dillərdə dastan olan Qarabağ 30 ilə yaxın idi ki, düşmən tapdağında idi. Buna hansı oğul laqeyd yanaşa bilərdi. Xəqaninin də ilk arzusu Qarabağın işğaldan azad olunmasında yaxından iştirak etmək idi...
Xəqani Fətiyev 1989-cu il iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Fətiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Fətiyev sentyabrın 27-də Füzuli rayonunun Əbdülrəhmanlı kəndində davam edən gərgin döyüşlərdə yaralı hərbçi yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub.
Xəqani Fətiyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi. Beş övladı yadigar qalıb. Onun şəhadətindən sonra dünyaya gələn beşinci övladına şəhidin adı verilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ