Bu sözləri İctimai Birliyin sədri Ayaz Mirzəyev deyib.
O qeyd edib ki, layihənin əsas məqsədi Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını göstərmək üçün faktlara söykənən və yüksəkkeyfiyyətli çəkilişlə müşayiət olunan sənədli film hazırlamaqdır: “Filmdə flora və faunanın işğal dövründə məhv edilməsi, təbii sərvətlərin talan edilməsi, su hövzələrinin çirkləndirilməsi tarixi faktlarla izləyiciyə təqdim olunacaq. Layihə zamanı BMT-nin dayanıqlı İnkişaf Məqsədləri, işğaldan azad olunmuş ərazilərdə bu məqsədlərə nail olunmasında mina təhlükəsinin böyük çətinlik yaratması da vurğulanacaq. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda basdırılmış minaların insanlarla yanaşı ekosistemə olan mənfi təsirləri də qeyd ediləcək”.
Layihə çərçivəsində artıq filmin yaradıcı heyəti ilə görüş keçirilib və filmin ssenarisi müzakirə edilib. Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda filmin çəkilişlərinə başlanması nəzərdə tutulub. Sənədli filmin Azərbaycanda keçiriləcək COP29 ərəfəsində geniş auditoriyaya təqdim olunması planlaşdırılır. (AZƏRTAC)