21.09.2024, 21:35
AZ EN
31.07.2022, 10:00 363

Ağdamda “Qəhrəmanlar unudulmur” adlı tədbir təşkil edilib

XƏBƏRLƏR
  • Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmancasına həlak olan Rahib Məmmədovun anadan olmasının 55 illiyi münasibətilə Ağdam Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Ağdam və digər rayonlardan gəlmiş gənclər, ictimaiyyət nümayəndələri Rahib Məmmədovun Mahrızlı kəndindəki məzarını, igid əsgərin adını daşıyan məktəbin qarşısındakı abidəsini ziyarət ediblər. Sonra Döyüş Şöhrəti Muzeyində R.Məmmədova məxsus əşyalara baxış keçirilib.

Muzeyin həyətində, açıq havada keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların və Rahib Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından danışıblar. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

Çıxışlarda Rahib Məmmədovun göstərdiyi qəhrəmanlığın Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində olan rolunu qeyd edərək, ölkəmizdə gənclərin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, habelə onların mənəvi inkişafı istiqamətində aparılan işlərdən danışıblar.

Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib. Rahib Məmmədovun ailə üzvləri adından çıxış edən Sahib Məmmədov tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Sonra qonaqlar Rahib Məmmədov haqqında çəkilmiş “Sabaha olan hava proqnozu” və “Əbədiyyətə qovuşan ömür” adlı sənədli filmlər göstərilib. (AZƏRTAC)

Oxşar xəbərlər