Uzun illər səhvən xalq mahnısı kimi təqdim edilən bu mahnıya görə niyə Xan Şuşinskiyə təzyiqlər edilirdi?
Qarabağın, Şuşanın gözəlliklərinin rəmzinə çevrilən, uzun illər səhvən xalq mahnısı kimi təqdim edilən “Şuşanın dağları” mahnısı 1930-cu illərdə ifa olunmağa başlayıb. Uzun illər xalq mahnısı kimi təqdim edilsə də, söz və musiqisinin müəllifi Xan Şuşinskidir. O dövrdə xanəndələrin bəstəkar kimi də təqdim edilməsinə icazə yox idi. Mahnın sözlərinə həmin zamanlarda siyasi məna verənlər də olur. Mahnı qrammofon valına yazılarkən bildirilir ki, “Sovet dağlarının başı dumanlı ola bilməz”. Mahnıda “duman” və “ölürəm” kimi kədərli sözlərin olduğunu bəhanə edərək bu sözlərin də dəyişdirilməsini tələb edirlər. Məsələni hətta istintaq səviyyəsinə qədər qaldırmaq istəyirlər. Buna görə də Xan Şuşinski mahnını “Şuşanın dağları deyil dumanlı” şəklində ifa edib. Lakin mahnı müasir dövrdə ilkin versiyada olduğu kimi oxunub. Mahnını Xan Şuşinskidən sonra Əli Mehdiyev ifa edib. Bir versiyaya görə, mahnının sözlərində “Başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı” dedikdə Azərbaycan bayrağındakı mavi, qırmızı, yaşıl rənglər nəzərdə tutulur.
Daha sonra “Şuşanın dağları”na Əbülfət Əliyev,Vəli Məmmədov kimi dövrün məşhur ifaçıları müraciət edir. 1967-ci ildə “Şuşanın dağları” səhvən “Azərbaycan xalq mahnıları” toplusunda yer alır. 1976-cı ildə “Dərviş Parisi partladır” filmində muğam ifaçılarının triosunun ifasında “Şuşanın dağları” səsləndirilir.
1980-ci illərdə Qarabağda ermənilərin təxribatları başlayanda xanəndələrimiz “Şuşanın dağları” mahnısına tez-tez müraciət edirlər. Şuşanın işğal altında qaldığı 28 il ərzində isə şən əhval-ruhiyyəli bu mahnıya münasibət dəyişdi. Uzun müddət “Şuşanın dağları” Azərbaycan üçün ağrılı mövzuya çevrildi.
2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasından sonra “Şuşanın dağları” yenə də Qarabağın gözəlliklərini, qələbəmizin və gələcək gözəl günlərin rəmzinə çevrildi. Şuşanın dağlarında yenidən Azərbaycan bayrağı dalğalanır!.
Tahirə AĞAMİRZƏ