Amma qürurludur Şəhid atası. İçi parçalansa da, ürəyi qan ağlasa da, bir yandan da fəxarət, qürur hissi keçirir. Hər gün övladı üçün xısın-xısın ağlasa da, göz yaşlarını kimsəyə göstərməz, başını uca tutar. Belə atalardan biri də Ədalət Hüseynlinin atası Səadət Hüseynovdur. Mərd, vətənpərvər, Vətən üçün canını qurban verməkdən çəkinməyən, qeyrətli oğul böyüdən bir atadır. O, elə oğul böyüdüb ki, ağır döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, yenə çırpınan Vətəninin harayına çatmaq üçün yarasına duz basıb cəbhəyə qayıdıb.
Hüseynli Ədalət Səadət oğlu 8 may, 1992-ci ildə Cəlilabad rayonu Fərəcullalı kəndində anadan olub. 2000-2010-cu illərdə Cəngan kənd tam orta məktəbində təhsil alıb.2010-2011-ci illərdə N saylı hərbi hissədə xidmət edib.
Vətən müharibəsi başlayanda 29 sentyabr, 2020-ci ildə Qarabağ muharibəsinə könüllü olaraq qatılıb. İki dəfə yüngül yaralansa da, yenə döyüşlərə qatılıb.
8 noyabr 2020-ci il tarixində Qubadlıda yaralı yoldaşını çıxararkən ağır yaralanıb. 4 dəfə əməliyyat keçirməsinə baxmayaraq, dekabrın 21-də şəhidlik zirvəsinə ucalıb.
Ədalət Hüseynli ölümündən sonra "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allahdan şəhidimizə rəhmət diləyirik. Nurlar içində uyusun!
Tahirə AĞAMİRZƏ