22.11.2024, 18:40
AZ EN
26.04.2024, 10:20 112

Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günüdür

XƏBƏRLƏR
  • Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib.

Builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyət və Dayanıqlı İnkişaf Məqsədləri: ortaq gələcəyimizin innovasiya və yaradıcılıqla qurulması” mövzusuna həsr edilib.

Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə də qeyd olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

2021-ci ildə dövlətimizin başçısının Fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Əqli Mülkiyyət Agentliyində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir.

2023-cü ildə ölkəmizdə müəllif hüququ və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatında artım müşahidə olunub. Ötən il Əqli Mülkiyyət Agentliyinə patentləşdirilmə üçün daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2022-ci illə müqayisədə 11 faiz artıb. Eləcə də “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyatdan keçirilmiş əsərlər 2022-ci illə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb.

İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda olaraq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay ərzində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.

Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı “Əqli mülkiyyət aylığı” elan edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər