İsa Rəvan, Oxuməni.az saytının redaktoru:
- Vətən sağlam düşüncəli hər bir kəs üçün əzizdir. Vətənin bütövlüyü onun sərhədlərindən başlayır. Zəngin və qədim tarixə, mədəni irsə, milli dəyərlərə malik olan Azərbaycan dövləti və xalqı əsrlər boyu keşməkeşli və uzun bir yol qət edərək bu günə gəlib çataraq öz dövlət və dövlətçiliyini daim qoruyub saxlamışdır. Azərbaycan dövləti və xalqı qonşu dövlətlərlə sərhədlərimiz çərçivəsində sülh və tərəfdaşlıq, humanizm prinsipləri əsasında yaşamağa üstünlük versə də, qəsbkar ermənilər tarix boyu xalqımıza qarşı qanlı cinayətlər törətmiş, torpaqlarımıza sahib olmağa çalışmışlar. Halbuki Ermənistan dövləti bütövlükdə Azərbaycan torpaqları üzərində qurulan və Rusiyanın vassalı olan marinet dövlətdir. Hələ çar rusiyası zamanında Türkiyədən və İrandan köçürülən ermənilər Qarabağımızla yanaşı, qədim İrəvanda, Göyçədə, Zəngəzurda və digər bölgələrdə yerləşdirilərək məskunlaşmışdılar. 19-cu əsrin əvvəllərində şərqdə ilk Azərbaycan Demokratik Respublikası yarananda, ermənilərin havadarları bundan istifadə edərək Ermənistan respublikasını yaratdılar. SSRİ dönəmində isə Zəngibasar, Qaraqoyunlu, Zəngəzur və Göyçə mahalları haqsız olaraq Ermənistanın tərkibinə daxil edildi. Bununla belə, çox uzaq olmayan keçmişimizdə 1988-ci ildən etibarən ermənilər yenidən torpaq iddiası ilə xalqımıza qarşı savaşa başladılar. Təbii ki, himayədarlarının dəstəyi ilə xalqımıza qarşı məkrli planlarını və qanlı əməllərini həyata keçirdilər.
Nəhayət, 1991-ci ildən başlayaraq ermənilər bu dəfə Qarabağ torpaqlarımıza təcavüz edərək 30 ilə yaxın bir müddətdə vətənimizin dilbər guşəsi olan bu torpaqları işğal altında saxladılar. Dünyəvi və humanizm prinsiplərinə məhəl qoymayan ermənilər dövlətimiz üçün müharibədən başqa çıxış yolu qoymadı. Bu səbəbdən də Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu haqq və şərəf savaşımız olan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq işğal altında Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızı geri aldı. Bununla da yalanlar ümmanında həqiqət adası qurmaq istəyən ermənilərin Qarabağla bağlı arzuları elə xəyal olaraq qaldı.
Təbii ki, ilk olaraq işğaldan azad olunmuş torpaqlara məcburi köçkün ailələrin qayıdışı haqq və ədalətin bərqərarı olaraq öz yerini tapmasıdır. 44 günlük Vətən müharibəsinin zəfərinin nəticəsidir ki, ümumilikdə Qarabağa qayıdış başlayıb. Düşmən tapdağı altında inləyən doğma torpaqlarımızın qaranlıq günləri geridə qaldı. Torpaqlarımızda aydın və günəşli səma, işıqlı və parlaq bir gələcək bərqərar oldu.
Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Hazırda ərazilərdə soydaşlarımızın öz dədə-baba yurdlarında daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır. Bunlardan biri də Zəngilan rayonunun Ağalı kəndidir. Ağalı kəndi Qarabağa qayıdış müjdəsinin ilk ünvanı oldu. 2022-ci ilin iyul ayının 20-də ilk olaraq 41 ailə Ağalı kəndinə köç etdi. Bu qayıdış qələbənin təzahürüdür, bu qayıdış müjdədir, oyanışdır, əzmin və iradənin, səbrin zəfəri və mükafatıdır. 30 illik nisgilin, həsrətin sonudur. Nəhayət, bu qayıdış böyük sevinc hissi ilə doğma yurda qovuşmaqdır. Məcburi köçkün ailələrinin böyük əksəriyyəti öz ata-baba yurdlarına qayıdış günlərini səbirsizliklə gözləyirlər. Məhz bu istiqamətdə də dövlətimiz prioritet layihələr həyata keçirməkdədir.
Niyə məhz ilk qayıdış Zəngilanda gerçəkləşdi? Ona görə ki, Zəngilan Ermənistanla sərhəddə yerləşən Zəngəzur mahalının bir hissəsidir. O Zəngəzur ki, hazırda Zəngəzur dəhlizinin açılması ətrafında proseslər gedir. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyət kəsb edir. Bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya , infrastruktur layihələr bölgə dövlətləri arasında iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, türk dünyasını birləşdirmək imkanına malikdir. Digər tərəfdən burada da Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr, zəngin və füsunkar təbiət vardır...
Bir sözlə, doğma torpaqlarımıza qayıdış haqqımızın ədalətli təntənəsidir!.
Hazırladı:
Tahirə AĞAMİRZƏ