"Vətən səsi" xəbər verir ki, bu barədə ötən axşam sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, iki ölkə arasında aprelin 19-da əldə edilmiş razılaşmadan sonra Əskipara kəndinə gedən yolun üzərindəki torpaq səddi texnikaların köməyi ilə aradan qaldırılıb. Bununla da 1990-cı illərin əvvəllərindən Ermənistan tərəfindən işğal olunmuş Aşağı Əskipara kəndinə yol açılıb.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Elxan SALAHOV