Bunu “Real” TV-yə müsahibəsi zamanı Əskipara kənd sakini, Qasımovlar ailəsinin başçısı 90 yaşlı Tofiq Qasımov deyir. Ağsaqalın sözlərinə görə, kəndlərinin işğal olunduğu günü bugünkü kimi xatırlayır və əlavə edir ki, bir gecədə yerlərindən-yurdlarından ayrı düşməyə məcbur qaldılar. O zaman Tofiq müəllim məktəb direktoru işləyirmiş.
“Bunu eşidəndə mən elə bilirdim ki, anadan təzə doğulmuşam, 90 yaş nədir. O, deyir ki, indi o Əskiparada yaşadığım uşaqlıq dövrüm yadıma düşür Həmişə deyirdim ki, ay Allah, həyat tərzimiz yaxşı, hər şey yaxşı, Allah hökumətimizə bəxt verisin: “Arzum odur ki, o gəzdiyim, gördüyüm meşələri, bulaqları gedim görüm, ata-analarımız, qardaş-bacılarımız hamısı o qəbiristanlıqdadır. Arzum odur ki, doğmalarımın məzarlarını ziyarət edim. Qalan ömrümü də orda yaşayım”.
Gördükləri əzab-əziyyətləri unutmayan Minayə xanım bu illər ərzində bir dəfə də olsun ümidsizliyə qapılmayıb, kəndlərinə qayıdacağı günü gözləyib. Qazaxın kəndlərinin qaytarılacağını eşidəndən isə sevincinin həddi-hüdudu yoxdur. Deyir ki, çox sevindim, kim sevinməz ki, bu xəbərə. Birinci qəbiristanlığa getmək istəyirəm, görüm. vəziyyət necədir, dağıdılıbmı qəbirlərimiz, yoxsa yerindədir.
Fərhad Qasımov isə kənddə çıxandan 30 yaşında olub. Yaşının üzərinə bir o qədər yaş gəlsə də, deyir ki, xatirələri ilk günkü kimi təzədi. İstəyirəm gedim evlərimizi görüm, çığırlarımızı tapım, hamısı yadımdadır, heç bir şey yadımdan çıxmayıb.
Qasımovlar kimi ailənin digər fərdləri də doğma kəndlərinə qayıdacağı anı səbirsizliklə gözləyirlər. Abbasəli Nuriyev deyir ki, o, kəndini tərk etməyib. Yaralandığı üçün döyüş yoldaşları tərəfindən kənddən çıxarılıb. Kənd əhalisinin hamısı bu xəbərə sevinir və əlavə edir ki, mən 8 iyunda yaralanmışdım, döyüş yoldaşım Atəş gətirib məni. Düz ayın 14-nə kimi 20 nəfərlə ermənilərə qarşı mübarizə aparmışıq, döyüşmüşük.
Xatırlatmaq yerinə düşər ki, Aşağı Əskipara Qazax rayonunun ermənilər tərəfindən işğal olunan 7 kəndindən biridir. İşğal olunmazdan əvvəl kənddə 1065 nəfər yaşayırmış. Kəndin 13 nəfər şəhidi var ki, onların əksəriyyəti də Aşağı Əskiparanın müdafiəsi zamanı şəhid olub. Bu gün qazaxlılar kəndlərinə qayıdacaqları günü həyacanla gözləyir.
Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub.
Hazırladı: Tahirə AĞAMİRZƏ