Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Səməd Füzuli oğlu Rzayevdir. Bu gün adını qanıyla tariximizə yazan igid Vətən oğlunun doğum günüdür. O, 1995-ci il aprelin 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Ən böyük arzusu kəşfiyyatçı olan Səməd hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra yenidən Azərbaycan Ordusunda MAXE kimi Vətənə xidmətə başlayıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Səməd Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Səmədin nəşi uzun müddət neytral zonada qalıb. Yalnız iki aydan sonra şəhidimizin nəşi tapılaraq noyabr ayının 30-da Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səməd Rzayev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək!
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD