22.12.2024, 20:21
AZ EN
18.04.2024, 14:48 324

Kəlbəcər RİH-də Başlıbel faciəsinin 31-ci ildönümü qeyd edilib

XƏBƏRLƏR
  • Bu gün Başlıbel faciəsinin 31-ci ildönümü münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib. Tədbirdə Kəlbəcər RİH-in başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel kənd sakinləri, şəhid ailələri və hadisə şahidləri iştirak edib. Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən icra başçısı Azər Qocayev qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayaraq onlara xüsusi diqqət və qayğı göstərir. Rayon rəhbəri qeyd edib ki, Kəlbəcər rayonu da, erməni vandalizimindən əziyyət çəkmişdir və bu gün də rayonumuzun sakinləri bunun ağrısını, acısını yaşayır. Kəlbəcər rayonunda ermənilər Ağdaban faciəsindən sonra Başlıbel faciəsini törətmişdir. Başlıbel faciəsi zamanı kənd sakinlərinin bir hissəsi erməni yaraqlılarından qaçaraq canlarını qurtara bilsələr də, bir hissəsi mağaralara sığınmış və oradaca kütləvi şəkildə erməni vandalizminin qurbanına çevrilərək qətlə yetiriliblər. Azər Qocayev bildirib ki, faciə qurbanlarının ruhları da digər şəhidlərimizin ruhları kimi bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasətinin, qətiyyətinin və əsgərlərimizin qəhramanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz bərpa edilmiş və həmin ərazilərdə üç rəngli müqəddəs Azərbaycan bayrağı dalğalandırılmışdır. Eyni zamanda rayon rəhbəri vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında artıq işğaldan azad olunmuş rayonlarda, o cümlədən Kəlbəcər rayonunda da, yenidənqurma işləri başlayıb və digər şəhidlərimiz kimi, Başlıbel faciəsinin qurbanlarının da əziz xatirəsi qanunamüvafiq qaydada əbədiləşdiriləcəkdir.

Digər çıxış edən natiqlər YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Başlıbel kənd sakini, şair, şəhid ailəsi Sönməz Ələkbər, Başlıbel kənd sakini Əhliyyədin Şahbəndəyev və Kəlbəcər rayon su-kanal idarəsinin rəisi Şaban Qurbanov Başlıbel faciəsindən söz açaraq bu faciənin insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildiriblər. Eyni zamanda qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu sayəsində rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara, kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilmişdir. Bu gün başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər.

Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər