Professor Kamran Musayev təqdimat mərasimində çıxış edərək kitab haqqında məlumat verib. Bildirib ki, ürək-damar xəstəlikləri ilə məşğul olan elm sahələri - kardiologiya və ürək-damar cərrahiyyəsi əsasən profilaktika, diaqnostika, müalicə və reabilitasiya istiqamətlərində öz töhfələrini verərək, insanlığın bir nömrəli ölüm səbəbi ilə mübarizə aparır. Statistik olaraq, ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinciliyini qorusa da, xüsusilə son onilliklərdə kardioloji elmlərdəki inkişaf da göz qabağındadır. Dünyada ürək-damar xəstəliklərinin istər profilaktikası, istərsə də diaqnostika və müalicəsində ciddi elmi-praktiki bilgi toplanmışdır. Məhz bunun sayəsində ürək-damar xəstəliklərindən ölüm göstəriciləri getdikcə azalır, tibbi müalicələrin uğur nisbəti isə yüksəlir.
“Ürək və damar cərrahiyyəsi” dərsliyi tələbələr və rezidentlər üçün nəzərdə tutulub. Dərslikdən ürək-damar cərrahları, kardioloqlar və ümumiyyətlə bu sahə ilə maraqlanan tibb işçiləri istifadə edə bilər. Kitab həm çap, həm də elektron variantda hazırlanıb. (AZƏRTAC)