Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 30- dan çox ölkədən bir neçə yüz kosmonavt və astronavt olub.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.
Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.
Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” ASC təsis edilib. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Bununla da ölkəmizin kosmik sənaye üzrə fəaliyyətinə mühüm təkan verilib.
“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. “Azerspace-1” peyki vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətləri təqdim edilir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən çox ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.
2014-cü il iyunun 30-da “Azersky” Yerin müşahidə peyki “Satish Dhawan” Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.
Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2” 2018-ci il sentyabrın 26-da 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə buraxılıb.
Bütün bunların nəticəsində xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb.
Xatırladaq ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamına əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu konqres “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunub.
Qeyd edək ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyıb.
74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açıb. Bu tədbir ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradıb. Konqresə kosmik sahənin NASA, CNES, “Airbus”, “Boeing”, JAXA, TUA və bir çox aparıcı qurumlarının, eləcə də dövlətlərin nümayəndələri də olmaqla, yüzlərlə qonaq gəlib.
Konqresə rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub. Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.
Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış ediblər.
Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradıb.
75-ci Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə İtaliyanın Kosmik Agentliyi arasında Milanda keçiriləcək. Azərbaycan Milandakı Astronavtika Konqresində elmi işlər üzrə yeni rekorda imza atıb. Belə ki, ölkəmizdən Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada beş ölkədən biridir.
Konqresin ev sahibi olan İtaliya 985 elmi məqalə, Amerika Birləşmiş Ştatları 782 elmi məqalə, Çin 539 elmi məqalə, Hindistan 476 məqalə və ötən ilki Konqresin ev sahbi Azərbaycan 345 elmi məqalə ilə top beşlikdədir. Xatırladaq ki, ötən il Bakı Konqresində də Azərbaycan 214 elmi məqalə ilə ilk beş ölkə sırasında yer almışdı. Diqqət çəkən məqamlardan biri də ötənilki Bakı Konqresindən sonra Milan Konqresinə qoşulan inkişaf etməkdə olan ölkələrin və yeni kosmik aktyorların sayının artmasıdır. Bakı Konqresinin yaratdığı yüksək səviyyəli tədbir standartı sayəsində builki Astronavtika Konqresinə 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilib.
Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb. Bu da elmin, yeni texnologiyaların, innovasiyanın və kosmik sənayenin inkişafında təkanverici amil olan Azərbaycanın gəncinin və alimlərinin yüksək intellektual potensialının nəticəsidir. Ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi sayəsində məhz Azərbaycan gənci elm və texnoloji tərəqqidən geri qalmır, qlobal səviyyədə təmsil olunur. “Azərkosmos”un ölkədə kosmik ekosistemin inkişafı üçün apardığı davamlı maarifləndirmə işlərinin uğur indeksidir ki, gənclər kosmik sahədə elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim edirlər.
Dünyada hazırda kosmik sahə elmi əsaslı, innovativ texnoloji istehsal üzərində inkişaf edir. Azərbaycanın bu sahədə öz elmi tədqiqat potensialını artırması ölkəmizin gələcək texnoloji profilinin inkişafına müsbət təsirini göstərəcək.
Qeyd edək ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible Space for Sustainability) çağırışı ilə keçirilən Milan Konqresinə təqdim olunan elmi məqalələrin mövzusunda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, maliyyə, şəhərsalma, rabitə, ətraf mühitin monitorinqi və təhlükəsizlik sahələrində kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və davamlı gələcəyin inkişafı üçün kosmik həllər kimi məsələlər yer alıb.
2024-cü ildə dünya aviasiya və kosmonavtika gündəliyinə yeni bir tarix də yazıldı. İlk türk astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49 kosmosa yola salındı. Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir. Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlandı. “Dragon” kosmik gəmisi təxminən 36 saat davam edən kosmos səyahətindən sonra yanvarın 20-də saat 13:40-da Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb.
Türkiyənin Cümhuriyyət tarixində ilk insanlı kosmik missiyasını yerinə yetirmək üçün seçilən astronavt namizəd Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada öz cədvəlinə uyğun olaraq 13 təcrübə həyata keçirib. Bu təcrübələr arasında - MYELOID, MYOCA, UYNA, MESSAGE kimi əhəmiyyətli işlər var. Məsələn, MYELOID təcrübəsi kosmosda qalma zamanı məruz qalınan kosmik radiasiya, qravitasiya dəyişiklikləri və digər çətin amillərin astronavtların immun sisteminə və qan təzyiqinə necə təsir etdiyini üzə çıxaran bir təcrübədir.
MIYOKA təcrübəsi kosmos və müdafiə sənayesinə qurğuşunsuz lehimləmə ilə bağlı kritik məlumat verəcək tapıntıların əldə olunmasına xidmət edir. UYNA isə Türkiyənin kosmos, aviasiya və müdafiə sənayesi üçün yeni nəsil materialları inkişaf etdirmə qabiliyyətinə kömək edəcək mühüm bir təcrübədir. MESSAGE isə funksiyaları hələ kəşf edilməmiş genləri və onların cazibə qüvvəsi olmayan mühitdən təsirlənən immun sistemi ilə əlaqəsini araşdırır. Alper Gezeravcı bu təcrübələrin bir çoxunu uğurla həyata keçirib. (AZƏRTAC)