Video görüntülərdən aydın olur ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Müdafiə Nazirliyi bir daha bəyan edib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək.
Mövzu ilə bağlı mətbuata açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, aprelin 5-də keçiriləcəyi gözlənilən ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündən öncə İrəvanın fəallaşacağı əvvəlcədən məlum idi. Onun sözlərinə görə, artıq Azərbaycana qarşı aqressiv fəaliyyətlər həyata keçirən Ermənistan ölkəmizlə sərhədə qoşun cəmləşdirir: “Ermənistan şəxsi heyəti hərbi toplanışlara əlavə qüvvə olaraq sərhədə cəlb edir. Digər tərəfdən də Azərbaycan ərazilərini bir neçə istiqamətdə atəşə tutur. Belə davranışlar Ermənistanın başına növbəti macəra axtarışında olduğu deməyə əsas verir. Ermənistanın fərari ordusunun son davranışları Azərbaycan tərəfinin səbrinin daşırmağa və rəsmi Bakını cavab addımları atmağa sövq etməyə hesablanıb".
Ekspert əlavə edib ki, əgər rəsmi İrəvan cəzalanmaq üçün israrla əlindən gələni edirsə, Azərbaycan Ordusu qısa bir müddətdə Ermənistana anlayacağı bir dildə adekvat cavab verəcək: “Vəziyyət belə davam edərsə, rəsmi Bakı tərəddüd etmədən Ermənistana səmərəli və təsirli cavab verəcək. Buna kimsənin şübhəsi olmasın. Ermənistan tərəfi mövqelərimizi atəşə tutursa, şərti dövlət sərhədinə qoşun cəmləşdirirsə, ölkəmizə qarşı hücum məqsədi daşıyan fortifikasiya qurğuları inşa edirsə, Azərbaycanın da buna qarşı güc tətbiq etməsi normaldır. Bunu beynəlxalq hüquq bizə qadağan etmir. Azərbaycanın reaksiyası cavab tədbiri olduğu üçün bu bizim mövcud fəaliyyətimizə heç bir mane yaratmayacaq. İşğalçı Ermənistan isə növbəti dəfə sərt bir şəkildə cəzalandırılacaq”,- deyə Ə.Verdiyev burğulayıb.
Tahirə AĞAMİRZƏ