Şəhidin ailəsini ziyarət edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev ailə üzvlərinə başsağlığı verib, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun xalqımıza yaşatdığı möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıb.
Qeyd edək ki, Vidadi Xəlilov1982-ci ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olub.
O, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbini bitirib və həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətinə başlayaraq polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlib. O, Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində döyüş hazırlığı üzrə bölmə rəisi olub.
Vətən müharibəsi başlayan zaman Vidadi Xəlilov əsgərləri ilə birlikdə Füzuli, Murovdağ, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsində iştirak ediblər.
Vidadi Xəlilov 2020-ci il oktyabrın 31-də Laçın dəhlizi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Göyçay şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. (AZƏRTAC)