Bunu Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə "Ana harayı" abidəsini ziyarət edən "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev deyib.
O fikirlərinə belə davam edib: "Xocalı hadisələri zamanı iki yaşım var idi. Təbii ki, qətliam zamanı qaçıb canını qurtara bilən Xocalı sakinlərinin bir qismi Kətik meşəsindən keçərək doğulduğum Ağdamın Abdal-Gülablı kəndinə, digər hissəsi isə Şelli kəndinə gəlib çıxmışdılar. Valideynlərim deyirdilər ki, Ağdama pənah gətirən xocalılar evlərini qəfil tərk etmək məcburiyyətində olduqlarından ayaqları yalın, paltarları nazik idi, qarlı-şaxtalı gecədə əzalarının bir qismi donmuşdu. Onların ac-susuz, taqətdən düşmüş, xəsarətlər almış halları ürək ağrıdırdı. Gözlərində qorxu, təşviş, nigarançılıq var idi. Bir gecədə Xocalı sakinlərinin bir qismi fiziki, sağ qalanlar isə ruhən ölmüşdülər. Xocalı faciəsi ermənilərin xalqımıza qarşı daxillərində gizlətdiyi nifrətin, kinin təcəssümü idi. Xocalı sakinlərinin vəziyyətini görənlər özlərini saxlaya bilmir, hər kəs göz yaşlarına boğulurmuş. Hamilə qadınlara, körpələrə, ahıllara qarşı törədilən amansızlıqla ermənilər öz vəhşi xislətlərini üzə çıxarmışlar.
Bu gün biz ötən illərdən fərqli olaraq, Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni alnıaçıq, başı dik ziyarət edirik. Əminəm ki, bizim bütün qəhrəman şəhidlərimizin narahat ruhları şaddır. Bir gecədə viranə qalan Xocalımız azaddır, biz oranı bərpa edirik, Azərbaycan əsgəri Xocalıda xidmət edir. Üçrəngli bayrağımız Xocalıda dalğalanır. Azərbaycan xalqı var olduqca Xocalı qətliamı, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin başımıza gətirdiyi Ağdaban, Başlıbel, Qaradağlı kimi faciələr unudulmayacaq. Tariximizin qanlı səhifələrini gələcək nəsillərə çatdıracaq, onları vətənpərvərlik ruhunda yetişdirəcəyik". (AZƏRTAC)