2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda Orxan təcrübəli əsgər kimi döyüşlərə hazır idi. Digər qəhrəman igidlərimiz kimi, Orxan da Vətənin müdafiəsinə yollanır. Onun daxil olduğu hərbi birləşmə çox çətin bir əməliyyat tapşırığı almışdı. Murovdağ yüksəklikləri mənfur düşməndən təmizlənməli idi. Müharibənin ilk günündən bu istiqamətdə qanlı döyüşlər başlayır. Qəhrəman hərbçilərimiz böyük iradə və fədakarlıq göstərirlər. Orxan Daşdəmirov da düşmənə qarşı şücaətlə vuruşur.
Orxan Daşdəmirov sentyabrın 28-də Murovdağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə ucalır.
Şəhidimiz sentyabrın 30-da doğulduğu Hülövlü kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Daşdəmirov ölümündən sonra “Rəşadət” ordeni , “İgidliyə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Şəhidin atası Rafael Daşdəmirov Orxanla sonuncu dəfə sentyabrın 23-də əlaqə saxladıqlarını deyir: “Orxanın müharibədə iştirak etməsindən xəbərimiz olmayıb. Sentyabrın 28-də axşam saatlarında şəhid olması xəbərini öyrəndik. Orxan mənim həm tək oğlum, həm də dayağım idi. Onun yoxluğuna alışmaq nə qədər çətin olsa da, Orxanın Vətən torpağının düşməndən azad edilməsi uğrunda şəhidliyə ucalması yeganə təsəllimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
İgid Vətən oğulları müharibənin ilk günlərində şəhid olan qardaşlarının qanını yerdə qoymadı. Nəinki Murovdağ azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Orxan balamız!
Mina RƏŞİD