Xocalı soyqırımının şahidi Aliyə Abışova qətliamın 32-ci ildönümündə o anları yenidən xatırlayıb və başına gələn dəhşətləri danışıb.
“Anam və iki bacımla birgə Xocalıdan başıaçıq, ayaqyalın çıxmışıq. Meşədə qarlı, şaxtalı havada yolun yarısına kimi gəlmişdik, artıq ayaqlarımı hiss etmirdim. Sonra donmuşam. Anam mənim öldüyümü düşünüb, “meyit”imi gətirib ki, məzarım olsun. Ağdamda məni xəstəxanaya ölü kimi veriblər, amma kimsə qəflətən nəfəsimin gəldiyini görüb sağ olduğumu bildirib. Məni Bakıda xəstəxanaya yerləşdiriblər, uzun müddət müalicə almışam. Amma ayaqlarımda hissiyyat olmayıb. Həkimlər ayaqlarımı kəsmək qərarına gəliblər, çünki qaralma baş vermişdi. Elə həmin gün ayağıma iynə batıranda hissiyyat olduğunu görüblər. Xəstəxanada əsl bayram ab-havası yaşanıb”, - deyə A.Abışova o ağrılı-acılı günləri xatırlayır.
Onlar Ağdamdan sonra bir neçə ay Bakıda qalıb, daha sonra xocalılıların məskunlaşdığı Naftalan şəhərinə üz tutublar. Aliyə hazırda ailəlidir, üç övladı var.
O bizimlə söhbətində xarici dövlətlərin və təşkilatların uzun illər ərzində Xocalı üçün, tarixi ədalətin bərpası üçün heç nə etmədiyini söyləyib. Bildirib ki, haqq-ədaləti Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Ordumuz bərpa etdi: “Mən və bir neçə həmyerlimiz Heydər Əliyev Fondunun dəstəyi ilə Almaniya, Belçika, Hollandiya və Türkiyə kimi ölkələrdə Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişik. Beynəlxalq təşkilatlar qarşısında dəfələrlə Qarabağın öz sakinlərinə qaytarılması və baş verən qətliamlara hüquqi qiymət verilməsi tələbini qoymuşuq. Ancaq heç kim səsimizə səs verməyib. Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində biz artıq Qarabağa, yəni dədə-baba torpaqlarımıza, Xocalıya qayıdırıq. Bizim üçün əsl möcüzə budur”. (AZƏRTAC)