10 oktyabr 2016-cı ildən 4 dekabr 2016-cı ilədək Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində fəaliyyət göstərən motoatıcı taqım komandirinin müavini kursunu bitirib. 2016-cı il dekabrın 16-dan Ağcabədi rayonunda yerləşən hərbi hissədə gizir kimi xidmətə başlayıb. Bir neçə aydan sonra Füzuli rayonunda yerləşən hərbi hissədə fəaliyyətini davam etdirib.
Gizir Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən Vətən müharibəsində fəal iştirak edib. O, tağım komandirinin müavini idi. Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı 25 nəfər əsgər ilə əmr aldığı istiqamətdə döyüşürdü, elə o döyüşlər zamanı da minamyot atəşinə məruz qalıblar...
Xəqani Cəmilli oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi bir neçə gün neytral zonada qaldıqdan sonra şəhidimiz doğulduğu kənddə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Xəqani Mənsur oğlu Cəmilli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Atası danışır ki, döyüşlərin qızğın çağlarında imkan tapan kimi Xəqani valideynləri ilə danışar, hər şeyin çox yaxşı olduğunu, tezliklə qələbə çalacağımızı söyləyərdi.
Atası oğlunun şəhid xəbərini almasından indi də həyəcansız danışa bilmir. Çünki bu xəbəri ona bir erməni verib. Ancaq şəhidimizin döyüş yoldaşları onun heyifini çox tezliklə düşməndən alaraq erməni postunu darmadağın edib...
“Mən bilməzdim ki, 26 yaşlı oğlum bu qədər hörmət sahibi imiş”, - ata qürurla bildirir. - İnanın, az qala hər gün neçə-neçə döyüşçü dostu bizə baş çəkir, oğlumun igidliklərindən danışır, yardımlar göstərir.
Cənnətdəki doğum günün mübarək, Məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD