22.06.2025, 11:42
AZ EN
20.02.2024, 17:21 344

Xankəndi və Xocalıda 31 sahibkar iş qurub

XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində 147 yeni müəssisə və təşkilat, 2 min 662 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Bununla da bilavasitə həmin ərazilərdə ötən il yaradılan hüquqi və fiziki şəxslərin ümumi sayı 2809 olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Hesablamalara görə, ötən il yeni yaradılan müəssisə və təşkilatların sayı əvvəlki illə müqayisədə 45,5 faiz, fərdi sahibkarlıq subyektlərinin sayı isə 23,4 faiz artıb. Belə ki, 2022-ci il ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 2157 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, işğaldan azad edilmiş ərazilərdə ötən il yaradılmış hüquqi və fiziki şəxslərin ümumi sayına görə birinci yerdə Ağdam (1029), ikinci yerdə Füzuli (647), üçüncü yerdə isə Laçın (291) rayonları qərarlaşıb. Bu sırada növbəti yerlərdə Qubadlı (198), Cəbrayıl (198), Kəlbəcər (159), Zəngilan (123), Şuşa (71) və Xocavənd (61) rayonları gəlir.

Ötən ilin sentyabrında keçirilən aniterror tədbirləri nəticəsində separatçı-terrorçu dəstələrdən təmizlənmiş Xankəndi və Xocalıda da hüquqi və fiziki şəxs qismində qeydiyyatdan keçənlər var. Belə ki, 2024-cü il yanvarın 1-dək Xocalıda 3 müəssisə və təşkilat, 26 fərdi sahibkarlıq subyekti yaradılıb. Xankəndidə isə hələ ki, yeni müəssisə və təşkilat yaradılmasa da, 2 fərdi sahibkar qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər