12.07.2025, 13:35
AZ EN
08.07.2022, 08:00 1252

Zabit şərəfi

XƏBƏRLƏR
  • Torpağa su tökülərsə palçıq, qan tökülərsə Vətən olar... Otuz ildən sonra qəhrəman oğullarımız canları-qanları hesabına torpaqlarımızı işğaldan azad etdilər. Xalqımıza, Vətənimizə Qələbə sevincini yaşatdılar.

...Yaxınlarının dediyinə görə, Samiq hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilirmiş. Məktəb tədbirlərində Vətən mövzulu şeirlər oxuyar, hərbi forma geyib maraqlı çıxışlar edərmiş. Hələ o zaman hərbçi olmaq istəyib. Ali təhsil alıb başqa ixtisasa yiyələnsə də, yenə də hərbçi olmaq fikrindən daşınmayıb. Nəhayət, Samiq arzusuna çatıb, hərbçi peşəsini mükəmməl mənimsəyib. Şəhid zabitimiz ailəsini, xüsusilə də anasını hər zaman möhkəm, məğrur görmək istəyib. Anasına deyərmiş: “Mənim kimi oğul böyütmüsən, hər zaman qürurlu ol”.

Samiq qardaş və bacısını özünə həm də sirr ortağı seçmişdi. O, sonuncu döyüşündən qabaq onlarla da halallaşıb və istəklərini çatdırıb. Bacısına şəkillərini göndərib deyirmiş ki, şəkillərimi saxlayarsınız, məzar daşıma vurarsınız. Qardaşı deyir, gecə mesaj yazdı ki, evdə heç kimə demə, biz gedirik Füzuliyə, zəng çatmasa, narahat olmayın, qızım sizə əmanətdir...

Qəhrəmanımızın Azərbaycanın şanlı bayrağını Şuşada qaldırmaq həyatda ən birinci istəyi olsa da, bu şəhəri azad görmək ona nəsib olmadı. Lakin onun silahdaşları, əsgərlərimiz Samiqin və digər şəhidlərimizin arzusunu həyata keçirməklə, onların ruhunu şad etdilər.

...Samiq Misir oğlu Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd məktəblərində orta, 2008-2012-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb.

2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Sərhəd Qoşunlarında keçib. Hərbi xidmətini başa çatdıran Samiq 2016-cı ildə Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək istədiyini bildirib. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbə kursa göndərilib və leytenant hərbi rütbəsini alaraq zabit kimi xidmətə başlayıb. Nümunəvi xidmətinə görə hərbi hissə komandiri tərəfindən Fəxri fərmanla təltif olunub, mükafatlandırılıb. 2020-ci ilin iyul ayında isə baş leytenant hərbi rütbəsinə layiq görülüb.

44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüş zamanı şəhid olan iki əsgərimizin nəşini təhlükəli ərazidən çıxararkən özü də düşmənin snayperi ilə vurulub. Axı, zabit şərəfini hər şeydən uca tutan Samiq əsgərlərinin nəşini orada qoya bilməzdi, buna onu vicdanı, Azərbaycan hərbçisi adının məsuliyyəti vadar edirdi, sonunda ölüm olsa belə, getməliydi...

Şəhidimiz doğulub boya-başa çatdığı kənddə torpağa əmanət edilib.

Samiq Fərzalıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər