31.01.2026, 22:58
AZ EN
31.01.2026, 14:00 111

Xeyirxahlığı ilə könüllərdə taxt quran Nəbi Nəbiyevin anım günüdür

XƏBƏRLƏR
  • Bəzi insanlar bu dünyadan köçsələr də, adları sadəcə xatirələrdə deyil, gördükləri işlərdə, toxunduqları talelərdə, qurduqları ocaqlarda yaşayır. Onlar bir ömrü təkcə özləri üçün deyil, Vətən, el-obası və insanlıq üçün yaşayırlar. Nəbi İsmayıl oğlu Nəbiyev də belə insanlardan idi - ömrünü xidmətə, mərdliyə və xeyirxahlığa həsr edən ağsaqqal.

1948-ci ilin aprelində Qubadlının Saray kəndində dünyaya göz açan Nəbi müəllimin taleyi elə uşaqlıqdan torpaq sevgisi, zəhmətkeşlik və məsuliyyət hissi ilə yoğrulmuşdu. Təhsilini uğurla başa vuraraq mühəndis kimi fəaliyyətə başlayan Nəbi müəllim, harada çalışırdısa, yalnız vəzifə tutmur, həm də etibar qazanırdı. Sumqayıt qaz təsərrüfatında keçdiyi yol sadəcə karyera pillələri deyildi - bu, şəhərin və bölgələrin inkişafına yazılan zəhmət salnaməsi idi. Onun rəhbərliyi ilə görülən işlər, dəyişdirilən kilometrlərlə qaz xətləri, qurulan sistemlər bu gün də onun əməyinin səssiz şahidləridir.

Lakin Nəbi müəllimin böyüklüyü təkcə peşəkarlığında deyildi. Qarabağ hadisələri başlayanda onun ürəyi minlərlə qeyrətli vətəndaş kimi Vətən ağrısı ilə döyünürdü. O, söz adamı olmaqla kifayətlənmədi - əmələ keçdi. Qubadlının müdafiəsi üçün yaradılan özünümüdafiə dəstələrinə göstərdiyi dəstək, döyüşçülərə çatdırdığı yardım, sərhəd kəndlərinə verdiyi mənəvi dayaq onun Vətən sevgisinin canlı təcəssümü idi. O, çətin günlərdə təkcə təşkilatçı deyil, həm də ruh verən ağsaqqal idi.

Qubadlının işğalı Nəbi müəllimin ürəyində sağalmayan yara açdı. Amma o, sarsılsa da sınmadı. Məcburi köçkün düşən yurddaşlarının yanında oldu, onların həm maddi, həm mənəvi dayağına çevrildi. Sığınacaqlara qaz və su xətlərinin çəkilişindən tutmuş ailələrin işlə təmin olunmasına qədər saysız-hesabsız xeyirxah işlər gördü. Onun üçün köçkün anlayışı sadəcə sosial status deyildi — bu, bölüşülən dərd, qorunan ləyaqət idi.

Nəbi müəllim təbiəti sevirdi, Qubadlını isə başqa cür… Onun yaddaşında Bərgüşad çayının səsi, yamyaşıl sahillər, uca dağlar heç vaxt susmurdu. Yurd həsrəti ömrünün sonuna qədər onunla yaşadı. “Ən çox sevdiyim Vətəndir” — deyərdi. Bu sözlər onun həyat fəlsəfəsinin ən sadə və ən böyük ifadəsi idi.

31 yanvar 2023-cü ildə Nəbi İsmayıl oğlu Nəbiyev bu dünyadan köçdü. Amma belə insanlar əslində cismən aramızdan ayrılır. Onlar yaxşılıq etdikləri insanların duasında, qoruduqları torpağın yaddaşında, yetişdirdikləri ümidlərdə yaşayırlar.

Elimizin qeyrətli ağsaqqalı, xeyirxah insanı Nəbi müəllimin ruhu şad olsun. Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər